Azərbaycan Tibb Universitetinin (ATU) 2020-ci ilinin son elmi şurası baş tutub.
ATU-nun tədris və müalicə işləri üzrə prorektoru, professor Sabir Əliyev çıxışı zamanı 2020/2021-ci tədris ilinin payız semestrinin imtahan sessiyasına hazırlığın vəziyyəti və imtahanların mütəşəkkil keçirilməsində universitet kollektivinin vəzifələri haqqında danışıb.
S.Əliyev ilk növbədə şanlı ordumuzun qələbəsi münasibətilə Azərbaycan xalqını, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevi təbrik etdi. Şəhidlərimizə rəhmət dilədi. Qazilərimizə şəfa arzuladı. Prorektor S.Əliyev qeyd edib ki, təəssüflər olsun ki, vətən müharibəsi zamanı 42 tibb işçisi şəhid olmuş, 159 nəfər yaralanıb. Şəhid olanların 11 nəfəri həkim, Tibb Universitetinin məzunlarıdır.
S.Əliyev ölkədə COVİD-19 pandemiyası və Vətən müharibəsi ilə əlaqədar 2020/2021-ci tədris ilinin payız semestrində tədris prosesinin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən qəbul olunmuş “Xüsusi karantin rejimi dövründə ali və orta ixtisas təhsili müəssisələrində tədris prosesinin təşkilinə dair Təlimat”a əsasən təşkil edilib və 29.12.2020-ci il tarixində yekunlaşdığını qeyd edib: “Bu semestr 27 sentyabr 2020-ci ildə vətən müharibəsinin başlaması ilə əlaqədar olaraq internet olmadığı üçün 45 gün tədris prosesində fasilə oldu. Ona görə də oktyabr ayının 10-da biz dərslərə yenidən başlanıldı, bir sıra dəyişikliklər oldu”.
ATU-nun tədris şöbəsinin müdiri, dosent Samir Cavadov çıxış edərək, Təhsil Nazirinin 11.12.2020-ci il tarixli F-530 nömrəli Əmrinə əsasən ali təhsil müəssisələrində 2020/2021-ci tədris ilinin payız semestrinin qış imtahan sessiyası 2021-ci ilin yanvar ayının 11-də başlanılmaqla 4 həftə ərzində keçirilməsı haqqında tələbələrin cari və aralıq qiymətləndirilməsi ilə bağlı təkliflərini səsləndirib.
Şurada qış imtahan sessiyasına hazırlığın vəziyyəti, aparılan işlər haqqında danışılıb.