Tələbələrə İctimai sahiyyənin istiqamətləri haqqında məlumat verilib
Azərbaycan Tibb Universitetinin İctimai səhiyyə fakültəsinin rəhbərliyinin təşəbbüsü ilə tələbələrlə növbəti onlayn görüş baş tutub. Fakültə dekanı professor Anar Ağayevin təsəbbüsü ilə keçirilən onlayn konfransda tələbələrə ictimai səhiyyənin müxtəlif istiqamətləri haqqında ətraflı məlumat verilib.
 
“Capacity Building Club” çərçivəsində "İctimai səhiyyənin istiqamətləri" mövzusunda kecirilən onlayn toplantı bu ixtisas üzrə təhsil alan tələbələrin böyük marağına səbəb olub. Uşaq-Yeniyetmələrin sağlamlığı və əmək sağlamlığı kafedrasının doktorantı Qasım Əmrahlı tələbələrə ictimai səhiyyənin məqsədi, bu sahədə yanaşmalar, müxtəlif modellərin tətbiqi, ictimai səhiyyənin əsas funksiyaları, bu sahədə fəaliyyət göstərən əsas beynəlxalq təşkilatlar və digər məsələlər barədə ətraflı məlumat verib.
 
Toplantıda fakültə dekanı, professor Anar Ağayev, fakultənin dekan müavini, dosent Qalina Qəniyeva və fakültənin tədris məsləhətçisi Nailə Məmmədova iştirak ediblər.
 
Diskussiya formatlı konfransın sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb. Tələbələrin istəyinə əsasən, bu cur görüşlərin mütəmadi olaraq təşkili nəzərdə tutulur.