ATU Tədris Terapevtik Klinikasında təhsilin başlaması ilə əlaqədar toplantı keçirilib.
Bu gün ATU Tədris Terapevtik Klinikasında fevral ayının 15-dən tədrisin əyani olaraq başlaması ilə əlaqədar olaraq toplantı keçirildi.
Öncə çıxış edən klinikanın direktoru professor Surxay Musayev klinikanın normal iş fəaliyyətinə və əyani təhsilə başlamasıyla bağlı klinika əməkdaşlarını məlumatlandırdı.
Professor Surxay Musayev qeyd edib ki, hər zaman ölkə vətəndaşlarının sağlamlıqlarının qayğısına qalan ATU Tədris Terapevtik Klinikası dünyanı cənginə almış COVİD-19 pandemiyasının ölkəmizdə də yayılması ilə əlaqədar olaraq 2020-ci ilin mart ayının ikinci yarısından etibarən "Pandemiya klinikası" kimi koronaviruslu xəstələri qəbul etməyə başlayıb: "Bu mühüm missiyanı layiqincə yerinə yetirən klinikamızın kollektivi, daha sonra 44 günlük müqəddəs Vətən müharibəsi dövründə də bütün səy və bacarığını səfərbər edərək, ön cəbhədə döyüş zamanı yaralanmış hərbçilərimizin müalicəsi və reabilitasiyası ilə məşğul olmağa başladı. Daha sonra noyabr ayında COVİD-19 xəstələrinin sayı sürətlə artmağa başlaması səbəbilə Nazirlər Kabinetinin Qərarı ilə klinikamız yenidən koronaviruslu xəstələrin müalicəsi işinə qoşuldu. Ancaq biz son günlərdə yoluxmanın azalmasıyla bağlı ölkəmizdə müsbət dinamika müşahidə edirik. Klinikamızda da artıq koronaviruslu xəstələrin olmadığını nəzərə alaraq, biz müvafiq rəhbər orqanların razılığı ilə, tibbi-gigiyenik, epidemioloji qaydalara ciddi əməl etməklə fevral ayının 10-dan etibarən normal iş fəaliyyətinə, fevral ayının 15-dən isə dərslərin əyani keçirilməsinə başlayırıq".
Daha sonra Azərbaycan Tibb Universitetinin Tədris şöbəsinin müdiri dosent Samir Cavadov əyani təhsilin başlanılması ilə bağlı çıxış edərək müşavirə iştirakçılarını qəbul edilmiş protokola uyğun qaydalarla məlumatlandırdı. İş fəaliyyətinin və əyani təhsilin başlamasıyla əlaqədar olaraq klinikanın tam dezinfeksiya olunduğunu da diqqətə çatdıran prof. Surxay Musayev müzakirə olunan məsələlərlə bağlı tövsiyyələrini verdi.
Sonda həkimlərin və klinika əməkdaşlarının sualları cavablandırıldı və qarşılıqlı müzakirələrlə toplantıya yekun vuruldu.