Koronavirus qurbanlarının xatirəsinə həsr edilmiş rəqs-etüd
Azərbaycanın ixtisaslaşmış ilk onlayn səhiyyə kanalı "Medical Media" 2020-ci ildən fəaliyyət göstərir. Bu günlərdə daha bir yeniliyə imza atan şirkət Azərbaycan Tibb Universitetinin Şüa diaqnostikası və şüa terapiyası kafedrasının müdiri, tibb elmləri doktoru Məlahət Sultanovanın “COVID-19 pnevmoniyası: diaqnostikasında və menecmentində radioloqun rolu” məqaləsinə rəqs quruluşu verib. İntellektual məhsulu sənət diliylə təqdim edən layihə koronavirus qurbanlarının xatirəsinə həsr olunub.
 
İsfar Sarabaskinin (piano) və Şəhriyar İmanovun (tar) ifasında səslənən ecazkar musiqinin sədaları altında baş verən hadisələr bədii dildə pandemiyanın həyatımıza gətirdiyi çətinlikləri, insanla virusun amansız mübarizəsini və həkimlərimizin sağlamlıq üçün güzəştsiz ölüm-qalım savaşını ifadə edir.
 
Fevralın 10-da “Medical Media”nın redaktoru Günel Xəzəlin moderatorluğu ilə dünya şöhrətli “SCİENCE” jurnalının hər il keçirdiyi beynəlxalq rəqs festivalı üçün hazırlanan və artıq müsabiqədə iştirakı təsdiq edilən “Son hədd” adlı etüdün təqdimat mərasimi keçirilib. Tibb mütəxəssisləri, incəsənət xadimləri və jurnallistlərin qatıldığı tədbirdə çıxış edənlər təsirli süjet xətti olan rəqs-etüd haqqında öz təəssüratlarını bölüşərək yaradıcı heyətə təşəkkürlərini bildiriblər.
 
Qeyd edək ki, rəqs-etüdün hazırlanması ideyası cərrah-oftalmoloq Leyda Kazımovaya məxsusdur.
 
Etüddə rolları aktrisalar Gülər Nəbiyeva, Aygün Fətullayeva, İnci Həşimova və tibb elmləri doktoru Məlahət Sultanova ifa edib.
 
Kompozisiyanın quruluşçu rejissoru Sədi Məmmədovdur.
Rəqsi Boris Şukşin adına Teatr İnstitutunun məzunu, rejissor Vüsal Mehrəliyev qurub. Rəqs-etüdün baş prodüseri “Medical Media” kanalının təsisçisi Azər Xudiyevdir.