“Xaricdə magistratura təhsilinin əhəmiyyəti, təhsillə bağlı informasiya mübadiləsi” mövzusunda vebinar keçirilib
Azərbaycan Tibb Universitetinin Rezidentura və magistratura şöbəsinin təşkilatçılığı ilə “Xaricdə magistratura təhsilinin əhəmiyyəti, təhsillə bağlı informasiya mübadiləsi” mövzusunda vebinar keçirilib. Vebinarda Beynəlxalq əlaqələr şöbəsinin müdiri, dosent Müşfiq Orucov çıxış edərək universitetin fəaliyyəti, fakültələr və kafedralar barədə iştirakçılara ətraflı məlumat verib. Bildirib ki, hazırda universitetdə 62 kafedra, 7minə yaxın tələbə təhsil alır. 2500 tələbə əcnəbi vətəndaşlardır. Bu sahədə ölkəmizdə fəaliyyət göstətən təhsil ocaqları arasında ATU-nun liderlik etdiyini bildirən dosent M.Orucov yeni açılan fakültələrdən və magistratura sahəsində mübadilə proqramlarından söhbət açıb.
 
Rezidentura və magistratura şöbəsinin müdiri, professor Nailə Sultanova öz çıxışında bildirib ki, bu cür vebinarlarları keçirməkdə əsas məqsəd Türkiyə və digər xarici ölkələrin qabaqcıl universitetləri ilə əməkdaşlığı dərinləşdirmək, magistr və rezidentlər arasında qarşılıqlı mübadiləni aparmaq, təhsil proqramlarını bir-birinə uyğunlaşdırmaqdır. Əgər dissertant və doktorantların elmi işlərinin araşdırılması zamanı hər hansı problem yaranarsa, onu aradan qaldırır və lazımi şəraiti yaratmağa çalışırıq.
 
Vebinarda iştirak edən Rezidentura və magistratura şöbəsinin müdir müavinləri Əfsanə Məmmədovanın, Gülay Məmmədzadənin, Ümumi və toksikoloji kimya kafedrasının assistenti Sara Paşayevanın, Hacettepe Universitetindən professorları Vahab Murat Kurulayın, İclal Saraçoğlunun, Anadolu Universitetindən professor Yusuf Öztürkün, Eks-Marsel Universitetindən PhD doktorları Elnur Qarayevin, Xuraman Mustafayevanın, Ege Universitetindən PhD Hikmət Məmmədovun, ATU-nun dissertantı Aytən Şükürovanın, doktorantı Nərmin Babayevanın çıxışları maraqla qarşılanıb. Sonda magistrları maraqlandıran suallara məruzəçilər ətraflı cavab veriblər. Vebinar işini işgüzar şəraitdə sual-cavablar əsasında başa çatdırıb.