ATU əməkdaşı bariatrik cərrahiyyəyə aid beynəlxalq konfranslarda çıxış edib
Azərbaycan Tibb Universitetinin I Cərrahi xəstəliklər kafedrasının əməkdaşı, Bariatrik Metabolik Cərrahlar Assosiasiyasının sədri Taryel Ömərov bariatrik cərrahiyyə ilə bağlı bir neçə beynəlxalq konfransda iştirak edib.
Tanınmış cərrah Pekində təşkil olunan “Young IFSO Journal Club”un 2-ci toplantısında çıxış edib. Toplantıda Bariatrik-metabolik cərrahiyyədə tədqiqat imkanları, patoloji piylənməsi olan insanlar üçün müalicə metodları və s. mövzularda sessiyalar keçirilib.
Beyond Bariatric and Metabolic Institute (BYBMI), Çinin Bariatrik Metabolik Cərrahiyyə məsələləri üzrə təşkilatı (COMES Collaborative) və Türkiyə Bariatrik Cərrahiyyəsi Dərnəyinin (TOSS) təşkil etdiyi bu nüfuzlu mərasim çərçivəsində keçirilən ikinci sessiyada dünyanın bir çox ölkələrindən olan mütəxəssislərlə yanaşı, azərbaycanlı həkim Doktor Taryel Ömərov də çıxış edib. T.Ömərov “Bariatrik-metabolik cərrahiyyənin dünəni, bu günü və gələcəyi” mövzusunda fikirlərini açıqlayıb, öz təcrübəsini bölüşüb.
T.Ömərov bu gün həm də dünya piylənmə ilə mübarizə günü çərçivəsində Bakıda təşkil olunan "EASO-OMFT (Obesity Management Task Force) tədbirində “Piylənmənin cərrahiyyə ilə yolu” mövzusunda çıxış edib. Beynəlxalq konfransda bariatrik cərrahiyyən sahəsində yeniliklərdən söz açılıb.
Xatırladaq ki, T.Ömərov bundan bir neçə gün öncə Türkiyə Bariatrik Cərrahiyyəsi Dərnəyinin (TOSS) təşkil etdiyi beynəlxalq toplantıda da qonaq qismində iştirak edərək dünyada Bariatrik Metabolik cərrahiyyənin inkişaf perspektivlərindən danışıb.