II Müalicə-profilaktika fakültəsinin rəhbərliyi ilə I kursun qrup nümayəndələri və müəllimlər arasında görüş keçirilib. Görüşdə 1 kursda təhsil alan yerli və xarici tələbələr, həmçinin kurs üzrə fənləri tədris edən kafedraların müdirləri və tədris hissə müdirləri iştirak ediblər.
Görüşdə fakültənin dekanı dosent İsrail Məhərrəmbəyli çıxış edərək qeyd edib ki, tədris Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları” üzrə aparılır. Bu qaydalar Ümumdünya Səhiyyə Təşkilatının “COVID-19-un yayılması ilə əlaqədar təhsil müəssisələrində sağlamlığın qorunması tədbirlərinə dair tövsiyələr”i və Azərbaycan Respublikasında COVID-19 infeksiyasına qarşı aparılan profilaktik və epidemioloji tədbirlər üzrə əldə edilmiş təcrübələr əsasında hazırlanıb.
Tələbələr əsasən aralıq qiymətləndirmə, sərbəst işlərin formatı barəsində suallar səsləndiriblər. Eyni zamanda, mühazirə dərslərinin distant formada keçirilməsinin yaratdığı çətinliklərdən danışıblar. Həmçinin qeyd olunub ki, mühazirələrin videoçarx şəklində təqdim olunması bu materialları yenidən dinləmə şansını yaradır. Xarici tələbələr dərs vəsaitləri, mühazirə materialları ilə bağlı narahatlıqlarını da bölüşüblər.
Görüş zamanı İnsan anatomiyası və tibbi terminologiya kafedrasının müdiri vəzifəsini icra edən dosent Anar Abdullayev, Sitologiya, histologiya və embriologiya kafedrasının tədris hissə müdiri baş müəllim Gülşən Mehrəliyeva, Tibbi biologiya kafedrasının tədris hissə müdiri dosent Leyla Süleymanova, İctimai fənlər kafedrasının tədris hissə müdiri baş müəllim Şahnabat Akimova onlara ünvanlanan sualları ətraflı cavablandırıblar.
Dekan dosent İsrail Məhərrəmbəyli, dekan müavini dosent Sevinc Məhərrəmova tələbələr və müvafiq kafedralar tərəfindən verilən tövsiyyələrin müzakirə olunacağını bildiriblər.