ATU-nun əməkdaşı “Beynəlxalq qızıl ulduz” medalı ilə təltif edilib
Azərbaycan Tibb Universitetinin Xarici dil kafedrasının müdiri, professor Zemfira Məmmədova Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının (TDABEA) həqiqi üzvü seçilib. Z.Məmmədova, həmçinin Akademiyanın “Beynəlxalq qızıl ulduz” medalı ilə təltif edilib.
 
Akademiyaya üzvlük diplomunu və qızıl medalı alimə təqdim edən TDABEA-nın Azərbaycan təmsilçisi, professor Elçin İsgəndərzadə, türk dünyası elminin inkişafına verdiyi böyük töhfələrə görə, Z.Məmmədovanın mükafatlandırıldığını qeyd edib. 
 
ATU-nun əməkdaşı bu mükafatı bütövlükdə Azərbaycan alimlərinin elmi fəaliyyətinə verilən yüksək dəyər kimi qiymətləndirib və təşəkkürünü çatdırıb.
 
Professor Zemfira Məmmədova 2001-ci ildən ATU-da çalışır, 80-ə yaxın elmi işin müəllifidir. Prezident İlham Əliyevin Sərəncamına əsasən, 9 aprel 2021-ci ildə “Əməkdar müəllim” adına layiq görülüb.
 
Qeyd edək ki, TDABEA - mərkəzi qərargahı Ankarada fəaliyyət göstərən, türk elmi və mədəniyyətinin araşdırılması və təbliği ilə məşğul olan beynəlxalq elmi qurumdur. “Beynəlxalq qızıl ulduz” medalı türk dünyası elminə və təhsilinə yüksək xidmətlər göstərmiş şəxslərə verilir. İndiyədək ATU-nun bir sıra alimləri həmin Akademiyanın həqiqi üzvü seçilib.