20 may travmatoloqlar günüdür
Bu sahədə çalışan həkimlərimiz Vətən müharibəsində ciddi rol oynayıblar
 
20 may - Ümumdünya Travmatoloqlar Günüdür. Həmin günün tarixi 1875-ci il mayın 20-dən - Parisdə beynəlxalq diplomatik konfransda 17 inkişaf etmiş ölkənin hökumət nümayəndələrinin məşhur Metrik Konvensiyasını imzalaması ilə başlayıb.
Hazırda dünyada tibbin digər sahələrində olduğu kimi, travmatologiya səhəsində də böyük inkişaf var. Ölkəmizdə bu sahədə vəziyyətlə bağlı ATU-nun Travmatologiya və ortopediya kafedrasının müdiri, Tədris Cərrahiyyə Klinikasının eyni adlı şöbəsinin rəhbəri Cəfər Nəsirlinin fikirlərini öyrəndik.
 
Onun bildirdiyinə görə, müasir dövrümüzdə ortoped-travmatologiya onurğa, ətraflar, eləcə də onlara bağlı bədən üzvlərinin görünüş və funksiyalarının tibbi-cərrahi və fiziki üsullarla qorunmasını, araşdırılmasını və bərpasını əhatə edən tibbin bir sahəsidir. C.Nəsirli ortopetik-travmotologiya sahəsinin Azərbaycanda da yüksək səviyyədə inkişaf etdiyini dedi: “Bu sahə tibbin ən önəmli sahələrindən biri hesab olunduğundan, hazırda müasir texnologiyalardan istifadə edilməklə dünyada aparılan bütün əməliyyatlar ölkəmizdə də uğurla həyata keçirilir. Qarabağda gedən Vətən müharibəsi dövründə də ortopedik-travmatoloqlar fədakarlıqla çalışdılar. Onlar döyüşlərdə yaralanan hərbçilərimizə tibbi yardımlar göstərib, bacarıqlarını əsirgəmədilər. Sıralarımızdan şəhid olanlar da oldu. Torpaqlarımızın işğaldan azad edilməsində ortoped-travmatoloqlarımızın öz payı var”.
 
Bu əlamətdar gün münasibətilə ortoped-travmatoloqları təbrik edir, onlara fəaliyyətlərində uğurlar arzulayırıq.