ATU-nun Sitologiya, embriologiya və histologiya kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Orxan İsayevin rəhbəri olduğu layihə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun elan etdiyi Gənc Alim və Tədqiqatçıların 5-ci qrant müsabiqəsinin qalibi olub.
“Xərçəng kök hüceyrələrinin mədəaltı vəzi xərçəngində rolunun araşdırılması və yeni müalicə üsulunun işlənməsi” adlı fundamental-tətbiqi xarakterli layihədə Azərbaycan Tibb Universiteti ilə yanaşı, Azərbaycan Milli Elmlər Akademiyasının Molekulyar biologiya və Biotexnologiyalar, Genetik Ehtiyatlar və İnfomasiya Texnologiyaları İnstitutlarının gənc alimləri iştirak edir.
Son illər xərçəng xəstəliyinin müalicəsində xərçəng kök hüceyrələrinin əhəmiyyətini nəzərə alıb, layihə çərçivəsində pre-kliniki və kliniki tədqiqatlar üçün əhəmiyyətli elmi və praktiki nəticələrin əldə olunması planlaşdırılır.