Bu günlərdə ATU-nun Tədris Cərrahiyyə Klinikasında üç dializ xəstəsi üzərində uğurlu böyrək nəqli əməliyyatı həyata keçirilib. Bu barədə ATU-nun I cərrahi xəstəliklər kafedrasının müdiri, professor Nuru Bayramov məlumat verib.
Onun sözlərinə görə, donorlar xəstələrin qohumları olub: “Biz əməliyyatları İstanbul Bilim Universitetinin professor-müəllim heyəti ilə briqada şəklində həyata keçirdik. Əməliyyatdan bir həftə sonra xəstələr evlərinə buraxıldı. İstər donorlar, istərsə də əməliyyat olunanlar özlərini normal hiss edirlər. Onlar öz durumlarından və tibbi personalın xidmətindən məmnundurlar. Xəstələr daha dializ aparatından asılı olmayacaqlarına görə çox sevinirlər”.
Təxminən 6-7 aydan sonra pasiyentlərin artıq həftəlik deyil, 2-3 aydan bir müayinə olunacaqlarını dilə gətirən kafedra müdiri, böyrək nəqli əməliyyatının dializ xəstələrinin probleminin həllində ən uyğun əməliyyat olduğunu da diqqətə çatdırıb.