Mayın 24-25-də ATU-nun İctimai səhiyyə fakültəsinin tibbi-profilaktika ixtisası üzrə XL IV (44-cü) Tələbə-elmi konfransı keçirilib. Konfrans 3 bölmə üzrə aparılıb:
1) Tibbi mikrobiologiya və İmmunologiya, Epidemiologiya, Yoluxucu xəstəliklər və Ftiziatriya bölməsi
2) Biokimya bölməsi
3) Gigiyena bölməsi
Konfransa adıçəkilən fakültənin dekanı t.ü.e.d., prof. A.Ə.Ağayev sədrik edib. Sədr müavinləri İSF-nin TEC-nin rəhbəri dos. F.Ş.Tağıyeva, TEC-nin sədri F.Z.Məmmədova olublar. Əvvəlki illərdən fərqli olaraq, bu il pandemiya şəraitinin tələblərinə riayət edilməklə, konfrans onlayn keçirilib. Konfransın açılışında A.Ə.Ağayev giriş sözü ilə çıxış edərək, elmi kadrların yetişdirilməsində, tələbələrə təcrübi biliklərin aşılanmasında, tələbələrin elmi-tədqiqat işinə maraqlarının artırılmasında və gələcəyin mütəxəssisi kimi yetişdirilməsində TEC-nin bir platforma olmasını söyləyib. Daha sonra TEC-nin elmi rəhbəri dos. F.Ş.Tağıyeva konfransda dinləniləcək məruzələr, konfransın gündəliyi, reqlament və s. barədə məlumat verib. O, qeyd edib ki, bu konfransın qısa müddətdə təşkilində həm kafedraların TEC-nin rəhbərlərinin, həm də tələbələrin özlərinin böyük əməyi var. Daha sonra TEC-nin sədri F.Z.Məmmədova proqram üzrə məruzəçilərə söz verib. Çıxışlar bitdikdən sonra məruzələr, prezentasiyaların tərtibi, onların dizaynı və s. haqda fikir mübadiləsi aparılıb.
Konfransın proqramına müvafiq olaraq 24.05.2021-ci il tarixdə Tibbi mikrobiologiya və İmmunologiya, Epidemiologiya, Yoluxucu xəstəliklər və Ftiziatriya bölməsi üzrə, 25.05.2021-ci il tarixdə isə Gigiyena və Biokimya bölmələri üzrə məruzələr dinlənilib. Qeyd etmək lazımdır ki, ümumilikdə konfransın təşkilat komitəsinə 25 TETİ təqdim edilib. Mikrobiologiya və İmmunologiya, Epidemiologiya, Yoluxucu xəstəliklər və Ftiziatriya bölməsində - 12, Gigiyena bölməsində - 5, Biokimya bölməsində - 8 məruzə dinlənilib.
Konfransda İctimai səhiyyə fakültəsinin tələbələri ilə yanaşı, Müalicə-profilaktika, Hərbi tibb və Əczaçılıq fakültələrinin tələbələri də fəal iştirak ediblər. Bundan başqa, əcnəbi tələbələrin məruzələri də böyük marağa səbəb olub. Konfransa təqdim edilən işlərin əksəriyyəti müasirliyi və təcrübi əhəmiyyəti ilə fərqlənirdi. İSF-nin tələbələri dövrümüzün bəlasına çevrilmiş COVİD-19 pandemiyasının dünya üzrə yayılması, onun mikrobioloji, epidemioloji, klinik xüsusiyyətlərinin tədqiqinə, gigiyenik qiymətləndirilməsinə, orqanizmdə baş verən biokimyəvi proseslərin öyrənilməsinə daha geniş yer ayırıblar. Onlar apardıqları araşdırmalarda problemin müxtəlif aspektlərini işıqlandırmaqla, bir daha onun aktuallığını göstərib və COVİD-19 infeksiyası ilə mübarizədə vaksinasiyanın böyük rol oynadığını, hamılıqla peyvəndlənməyə qoşulmanın dəstəklənməsini qeyd ediblər.
Konfransın sonunda tədqiqat işini yerinə yetirən tələbələrə sertifikatlar, ən fəal iştirak edən müəllimlərə isə diplomlar təqdim olunub. Konfransda TEC-nin fəaliyyətinin yaxşılaşdırılması üzrə müəllimlər tərəfindən maraqlı təkliflər və tövsiyələr də səsləndirilib.