Nəhayət, 30 il gözlədiyimiz günün şahidi olduq. 44 günlük müharibədə Azərbaycan Ordusu öz gücünü göstərdi, xalqımızın qüdrətini ortaya qoydu. Azərbaycan Vətən müharibəsində qələbəsini rəsmiləşdirdikdən sonra Prezident İlham Əliyev Hərbi Qənimətlər Parkının yaradılması haqqında təşəbbüs irəli sürdü. Artıq açıq səma altında nadir park salınıb. Burada ermənilərin qoyub qaçdığı silahlar, ağır texnikalar, raket kompleksləri, hərbi nəqliyyat vasitələri, digər qənimətlər sərgilənir.
ATU-nun Tədris və müalicə işləri üzrə prorektoru, Əməkdar elm xadimi, professor
Sabir Əliyevin məqaləsində bildirilir ki, görkəmli alimlərdən biri müharibə haqqında demişdir: "Suveren dövlətlər mövcud olduqda, müharibə qaçılmazdır! Əgər müharibə varsa, iki tərəfdən biri ya uduzmalı, ya da qalib gəlməlidir". Həqiqətən müharibə, terrorizm bəşəriyyətə böyük zərbədir. Müharibələr özü ilə fəlakətlər gətirir. Xalqımız müharibə dəhşətlərini çox görüb. Biz Birinci və İkinci Qarabağ müharibələrinin ağrılarını yaşayırıq. Azərbaycanın ən gözəl guşələrini işğal edib, mədəni-tarixi abidələrimizi viran qoyan ermənilər, nəhayət ki, öz cəzalarını aldılar. İkinci Qarabağ müharibəsində ermənilərə kimin kim olduğunu göstərdik.
Ermənilər heç zaman öz faşist xislətini gizlədə bilməyib. Onlar gözlərini qırpmadan dinc əhaliyə qarşı qətl, təcavüz, işgəncələr törədirdi. Ermənilərin qeyri-insani əməlləri çoxlu sayda vətəndaşımızın həlak olmasına, yaralanmasına, psixoloji travma almasına səbəb oldu. Beynəlxalq hüquq kobudcasına pozuldu. 30 il ərzində bütün bunlardan nəticə çıxarıb, ədaləti bərpa edə bilməyən beynəxalq təşkilatların bacarmadığını Azərbaycan Ordusu müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qısa müddətə həyata keçirdi. Möhtərəm Prezidentimizin Hərbi Qənimətlər Parkının açılış mərasimindəki çıxışını diqqətlə izlədim. Həmin çıxışdan bir məqamı diqqətə çatdırmaq istərdim: "Bizim aslanlarımız ölümə gedirdilər. Çünki onların işi haqq işi idi, onlar öz torpaqları uğrunda vuruşurdular. Erməni əsgərinin bizim torpağımızda nə işi var? Mən bunu hələ bir neçə il bundan əvvəl bir beynəlxalq tədbirdə demişdim. Hansısa erməni mənə sual vermişdi ki, orada snayper müharibəsi gedir, yaxud da erməni əsgərləri ölür. Dedim ki, ölmək istəmirsə, rədd olsun bizim torpağımızdan. Müharibə dövründə dəfələrlə demişdim, Ermənistan rəhbəri mənə tarix versin ki, bizim torpağımızdan nə vaxt rədd olur, həmin an biz müharibəni dayandırırıq. Belə də oldu. 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi".
Professorun sözlərinə görə, sevindirici hal bu idi ki, düşmənin əlinə Azərbaycan Silahlı Qüvvələrinə məxsus bircə texnika da keçmədi. Çünki biz öz tarixi torpaqlarımızda vuruşaraq, öz ərazilərimizi azad edərək yalnız irəli gedirdik. Məhz bu səbəbdən döyüş əməliyyatlarında qorxaq erməni əsgəri öz mövqelərini, silah-sursatını qoyub qaçırdı. Parkdakı eksponatlar arasında silahlı qüvvələrimizin işğaldan azad olunan ərazilərdə ermənilərdən qənimət kimi götürdüyü və ya məhv etdiyi 2 mindən çox avtomobildən çıxarılmış qeydiyyat nişanlarından hazırlanan və üzərində "Qarabağ Azərbaycandır!" şüarı əks olunan kompozisiya da qələbəmizin möhtəşəmliyini göstərir. Buradakı hərbi qənimətlər erməni vəhşiliyinin, hərbi cinayətlərinin əyani sübutu olmaqla, eyni zamanda Azərbaycana zəfər qazandıran müharibəni bir daha göz önündə canlandırmağa imkan verir. Buraya gələn hər bir insan – istər Azərbaycan vətəndaşları, istərsə də əcnəbilər bunu görürlər. Ötən ilin payızında bu tarixi anlara şahidlik edən, möhtəşəm günləri yaşayan hər bir Azərbaycan vətəndaşı xoşbəxtdir.
Birliyimiz Qarabağı qaytardı. Əminəm ki, bu park gənc nəslin vətənpərvər ruhda böyüməsində mühüm əhəmiyyətə malik olacaq.