Azərbaycan Tibb Universiteti “COVİD-19 pandemiyası kontekstində tibbi təhsil” mövzusunda onlayn formatda keçirilən beynəlxalq simpoziumda təmsil olunub. Xarkov Milli Tibb Universiteti (Ukrayna) tərəfindən keçirilən bu tədbirdə ATU Tibb təhsili və innovasiya şöbəsinin müdiri Aynur Orucova “COVİD -19 pandemiyası zamanı Azərbaycan Tibb Universitetində tibb təhsilində olan müsbət və mənfi cəhətlər“ mövzusunda çıxış edib.
Çıxışında Aynur Orucova Azərbaycan Tibb Universiteti haqqında ümumi məlumatla yanaşı, COVID-19 pandemiyası dövründə ali məktəbdə distant təhsilin təşkili, elektron tədris sistemi (ETS), hibrid təhsil prosesi haqqında da ətraflı bilgi verib. Simpozium iştirakçılarına həmçinin 26 may 2021-ci il tarixdə ÜST tərəfindən keçirilən “Əl yuma və steril əlcək geyinmə“ onlayn təlimi barəsində də məlumat verilib. Elmi toplantıda Ukrayna, Özbəkistan və Qazaxıstandan olan mütəxəssislər, bu ölkələrin tibb universitetlərinin əməkdaşları öz təcrübələrini bölüşüblər.