Azərbaycan Tibb Universitetinin I cərrahi xəstəliklər kafedrasının əməkdaşı, Azərbaycan Bariatrik-Metabolik Cərrahlar Assosiasiyasının sədri t.ü.f.d. Tariyel Ömərov bariatrik metabolik cərrahiyyədə növbəti uğuru ilə bir ilkə imza atmış olub. Onun mədəkiçiltmə əməliyyatlarında icad etdiyi yeni bir modifikasiyası artıq beynəlxalq aləmdə təsdiqini tapıb - tanınmış cərrah bu yeniliyinə görə patent də alıb.
Avrasiya Patent Təşkilatı (Euroasian Patent Organization) Tariyel Ömərova Laparoskopik Bariatrik cərrahiyyə əməliyyatları zamanı tətbiq etdiyi yeni modifikasiyanın patentini təqdim edib. Artıq bariatrik metabolik cərrahiyyənin yeni bir modifikasiyası sırf azərbaycanlı cərrahın adı ilə bağlıdır.
Azərbaycan Bariatrik-Metabolik Cərrahlar Assosiasiyasının sədri T.Ömərov bildirir ki, bu üsulun yaradılması üzərində 2013-2017 ci illərdə işləyib: "Elə 2017-ci ildə də bu metodla bağlı patent alınması üçün Avrasiya Patent Təşkilatına müraciət etdik. Sevinc və qürur hissi ilə bildirmək istəyirəm ki, uzun və əziyyətli bir yoldan sonra artıq patentimizi almışıq.
037681 saylı patentdə mənim bariatrik cərrahiyyədə yeni üsulun müəllifi olduğum vurğulanır. Qürurluyam ki, ölkəmizin Bariatrik Metabolik cərrahiyyəsi ilə bağlı beynəlxalq tibb arenasında daha bir ilk addım bizə məxsusdur"
Cərrah T.Ömərov bu yolda ona dəstək olan, köməyini əsirgəməyən hər kəsə təşəkkürünü bildirir.