Bu tarix Azərbaycan xalqının taleyində böyük əhəmiyyətə malikdir. Düz 28 il bundan öncə - 1993-cü il iyunun 15-də ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas oldu, inkişafın sarsılmaz təməlləri qoyuldu.
Bu il Milli Qurtuluş ölkəmiz üçün xüsusilə əlamətdardır. Çünki Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu torpaqlarımızı erməni işğalından azad etdi. Uzun illərdən sonra Azərbaycanın ərazi bütövlüyü bərpa olundu.
Biz bu gün Milli Qurtuluş Gününü qələbə əhval-ruhiyyəsi ilə qeyd edirik!
Bayramınız mübarək!
15 İyun - Azərbaycan xalqının Milli Qurtuluş günü
1991-ci ilin oktyabrında Azərbaycan müstəqillik əldə etdi. Lakin müstəqilliyin ilk illəri siyasi hakimiyyət boşluğu və dövlətin əsaslarının, ordu və dövlət təhlükəsizliyi orqanları da daxil olmaqla, dövlətin bütün təsisatlarının boşluğu ilə əlamətdar idi. Ermənistanın ilhaqçılıq niyyəti güdən təcavüzü respublikada vəziyyəti daha da gərginləşdirirdi.
Vətənin bu ağır dövründə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi (1969-1982) olmuş, daha sonra Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifələrində çalışmış, Moskvada istefa verdikdən sonra 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri kimi bu diyarın xilası yolunda fədakarlıq nümunələri göstərən Heydər Əliyev hakimiyyətə qayıtdı. 1993-cü il iyunun 15-də Ümummilli lider Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Beləliklə, 15 İyun Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu.
15 iyun tarixi 1998-ci ildən dövlət səviyyəsində bayram kimi qeyd olunur və qeyri-iş günüdür.