Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkil etdiyi 15 iyun Milli Qurtuluş Gününə həsr olunmuş “Nə? Harada? Nə zaman?” intellektual yarışında Azərbaycan Tibb Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin İntellektual oyunlar klubu II yerə layiq görülüb.
Milli Qurtuluş Günü ilə əlaqədar olaraq tədbir iştirakçıları və təşkilatçılar oyundan öncə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Gənclərin asudə vaxtlarının səmərəli təşkili, intellektual inkişafının təmin olunması və potensialının artırılması məqsədi ilə həyata keçirilən layihədə Bakının 11 ali və orta ixtisas təhsili müəssisəsindən olan komandalar iştirak edib.
Tədbirin açılış mərasimində Gənclər və idman nazirinin müavini İntiqam Babayev, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Pərviz Mirələmli və Bakı Gənclər Mərkəzinin direktoru Nərgiz Babayeva çıxış edərək, ulu öndər Heydər Əliyevin keçdiyi şərəfli ömür yolundan, onun Azərbaycan gəncliyinin hərtərəfli inkişafı üçün göstərdiyi xüsusi diqqət və qayğıdan, gənclərin intellektual səviyyələrinin yüksəldilməsi və vətənpərvər ruhda tərbiyə olunması sahəsində görülən işlərdən danışıblar.
Maraqlı və bir o qədər də gərgin keçən oyun zamanı Azərbaycan Tibb Universitetinin tələbləri 2-ci yerə yüksələrək öz adlarını qaliblər siyahısına yazdırıblar. Sonda ilk üç yerin sahibi olan komandaların kapitanları və üzvləri diplomlarla təltif olunublar.
ATU THİK İntellektual oyunlar klubunu bu dəfə Rüfət Əzimli (kapitan), Fatimə Quluzadə, Könül Orucova və Zeynəb Abdullayeva təmsil ediblər.