Azərbaycan Tibb Universitetində imtahan prosesi davam edir. Bu gün ATU-nun rektoru, professor Gəray Gəraybəyli Hərbi tibb fakültəsində 5-ci kursun aralıq qiymətləndirmə imtahanının gedişini izləyib, fakültənin kampusunda yaradılan şəraitlə tanış olub.
Hərbi tibb fakültəsinin rəisi, tibb xidməti polkovniki Çingiz Əlləzov, onun tədris işləri üzrə müavini, tədris şöbəsinin rəisi Məharət Rzayev və ATU-nun tədris şöbəsinin müdiri Samir Cavadov görüşdə iştirak ediblər.
Simulyasiya otaqları ilə tanışlıq zamanı Ç.Əlləzov burada hər şeyin müharibə vəziyyətinə uyğun təşkil edildiyini, hərbi hissə və real döyüş şəraitinin maketlərinin qurulduğunu bildirib.
Professor Gəray Gəraybəyli Azərbaycan tarixinin şanlı səhifəsi olan 44 günlük Vətən müharibəsini yada salaraq, bu dövrdə Hərbi tibb fakültəsinin üzərinə böyük yük düşdüyünü, bu fakültədən məzunlarımızın müharibə vaxtı öz vəzifələrini layiqincə yerinə yetirdiklərini vurğulayıb. Rektor təəssüf hissi ilə qeyd edib ki, müharibədə şəhidlərimiz və yaralılarımız da oldu: “Xalqımız şəhidlərimizi heç vaxt unutmayacaq. Qazilərimiz isə dövlətimizin hərtərəfli qayğısı ilə əhatə olunub”. O, bu ilki məzunlarımızın da digər hərbçilərimizlə birlikdə torpaqlarımızın keşiyində əzmlə dayanacaqlarına və xidmət zamanı öz peşə borclarını şərəflə yerinə yetirəcəklərinə əminliyini bildirib. G.Gəraybəyli tələbələrə imtahanlarda və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Qeyd edək ki, Hərbi tibb fakültəsində kitabxana, 3 mühazirə və 1 brifinq zalı ATU-nun II Qarabağ müharibəsində şəhid olmuş məzunlarının adını daşıyır