Təltif olunanlar arasında “Təbib” qəzetinin baş redaktoru da var
İyunun 23-də Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə 44 günlük Vətən Müharibəsində əsgər və zabit kimi iştirak etmiş jurnalistlərlə görüş keçirilib.
26 iyun Silahlı Qüvvələr Gününə həsr olunmuş toplantı torpaqlarımızın azadlığı uğurunda canından keçmiş Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlayıb.
MŞ sədri Əflatun Amaşov bildirib ki, Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılmış 44 günlük Vətən müharibəsində iştirak etmiş oğul və qızlarımızın qəhrəmanlığı dillərə dastandır. Bu müharibə xalqımızın əzminin və iradəsini təcəssümüdür: “Biz media ictimaiyyətinin nümayəndələri fəxr edirik ki, bu müqəddəs savaşda jurnalistlərimiz də iştirak etdilər, Vətənin çağırışına səs verərək özlərinin vətəndaşlıq borclarını yerinə yetirdilər. Mətbuat Şurası olaraq Sizlərin – tədbirimizə toplaşan Vətən müharibəsi iştirakçısına çevrilmiş həmkarlarımızın fədakarlıqlarını, təəssübkeşliklərini yüksək qiymətləndiririk. Sizlərə təşəkkür üçün nə desək azdır, haqqınız ödənilməzdir. İstədik ki, 26 iyun Silahlı Qüvvələr Günü münasibətilə sizləri bir araya toplayaq, əməyinizi xatırlayaq. Unutmayın ki, keçdiyiniz şərəfli ömür yolu böyük örnəkdir. Həm də ona görə örnəkdir ki, sizlər qələminizi süngüyə dəyişmək cəsarətini göstərdiniz”.
Qeyd olunub ki, Vətən müharibəsinin gedişində Mətbuat Şurasının İdarə Heyətinin üzvləri cəbhədə döyüşən jurnalistləri diqqətdə saxlayıb, onların ailə üzvləri ilə mütəmadi təmaslar yaradıblar.
Görüşdə çıxış edən jurnalistlər Azərbaycan Mətbuat Şurasının saytında Vətən müharibəsində döyüşmüş jurnalistlərlə bağlı ayrıca bölmənin yaradılmasını, onlarla əlaqədar bilgilərin sistemləşdirilməsini təklif ediblər.
Görüşdə müharibə şəraitində jurnalist peşəkarlığının müxtəlif aspektlərinə dair fikir mübadiləsi aparılıb.
Sonda Vətən müharibəsinin iştirakçısı olmuş jurnalistlər Mətbuat Şurasının “Qələmdən süngüyə” mükafatı ilə təltif ediliblər.
Qeyd edək ki, təltif olunanlar arasında Azərbaycan Tibb Universitetinin əməkdaşı, “Təbib” qəzetinin baş redaktoru Məğrur Əliyev də var. O, 44 günlük Vətən müharibəsində zabit kimi iştirak edib, Şuşa ətrafında yaralanıb. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən döyüşlərdəki şəxsi şücaətinə görə medallarla təltif edilib.