Azərbaycan Tibb Universitetində (ATU) 2020/2021-ci tədris ilinin yay semestrinin imtahan sessiyası davam edir. Bu gün ATU-nun rektoru, professor Gəray Gəraybəyli sessiya çərçivəsində V kurs tələbələrinin imtahanlarında iştirak edib. Görüşdə ATU-nun Tədris işləri üzrə prorektoru, professor Sabir Əliyev, Tədris şöbəsinin müdiri Samir Cavadov, İmtahan Mərkəzinin müdiri Ülkər Cəfərova iştirak edib.
Rektor Gəray Gəraybəyli imtahan gedən auditoriyalarda tələbələrə öz biliklərini nümayiş etdirmək üçün yaradılan şəraitlə əyani şəkildə tanış olub. Auditoriyaya daxil olmazdan əvvəl görülən təhlükəsizlik tədbirlərinin (hərarətin ölçülməsi, ara məsafəsinin saxlanması) icrası ilə maraqlanıb. Eyni zamanda, tələbələrin və imtahan komissiyası üzvlərinin imtahanların gedişi ilə bağlı təəssüratları ilə maraqlanıb, təklif və rəylərini dinləyib, bəzi məsələlərlə bağlı müvafiq tapşırıqlar verib. Rektor imtahanların tam obyektiv və şəffaf şəkildə keçirilməsi üçün bundan sonra da bütün mümkün tədbirlərin görüləcəyini qeyd edib.
Qeyd edək ki, imtahan sessiyasını canlı izləmək, prosesin gedişi ilə yaxından tanış olmaq məqsədilə rektor və universitet rəhbərliyi tərəfindən mütəmadi olaraq belə reydlər təşkil olunur.