Həkimlərə dəstək olacaq mütəxəssislər hazırlanır

ATU-da iki yeni ixtisas üzrə bu il də qəbul aparılacaq 

Son illər Azərbaycan Tibb Universitetində yeni ixtisaslar üzrə mütəxəssis hazırlanmasına başlanılıb. Bununla bağlı sorğumuzu cavablandıran İctimai səhiyyə fakültəsinin dekanı, professor Anar Ağayev yeni ixtisasların yaradılması zərurətindən danışıb. 

O, İctimai səhiyyə fakültəsinin I kursunda Fizioterapiya və tibbi reabilitasiya ixtisası üzrə 38, Tibb bacısı ixtisası üzrə isə 34 tələbənin təhsil aldığını bildirib. Hər iki ixtisasın tədris proqramlarının Avropa tədris proqramlarına uyğun şəkildə hazırlandığını, universitetimizlə qardaş Türkiyə Cümhuriyyətinin universitetləri arasında memorandum imzalandığını söyləyən fakültə dekanı qeyd edib ki, tələbələrimiz bu sənədlər əsasında Qazi və Ankara universitetlərinin tədris proqramlarına qatılmaq imkanı qazanıblar. Belə ki, tələbələrimiz Türkiyədə eyni ixtisas üzrə oxuyan tələbələrin dərslərinə onlayn şəkildə qoşularaq öz bilik və bacarıqlarını artırırlar.

Tibb bacısı ixtisası üzrə kadrların əvvəllər kolleclərdə, texnikumlarda hazırlandığını xatırladan professor A.Ağayev, artıq Avropada mövcud olan təcrübəni ölkəmizdə tətbiq etməyə başladıqlarını vurğulayıb. Bildirib ki, bu ixtisasa yiyələnən tələbələrin magistratura proqramlarında iştirak etmək hüququ da yaranacaq. Halbuki, nə bizdə, nə də Avropada texnikum, kollec tələbələrinin belə bir hüququ var. Bu nöqteyi-nəzərdən, bakalavr səviyyəsində ali təhsil alan tibb bacılarının timsalında həkimlərə lazımi səviyyədə dəstək göstərə bilən köməkçi mütəxəssislər yetişəcək.

A.Ağayev yeni ixtisaslar üzrə təhsil alan tələbələrə Avropa ölkələrində bu sahə üzrə ixtisaslaşmış mütəxəssislərin dərs keçdiyini diqqətə çatdırıb. O, Türkiyədən dəvət olunmuş Mədinə Dərya xanımın Tibb bacısı, Tədris Cərrahiyyə Klinikasının Fizioterapiya şöbəsinin əməkdaşı Turqay Şahinin isə Fizioterapiya və tibbi reabilitasiya ixtisası üzrə mütəxəssis olduğunu söyləyib.

 

Qeyd edək ki, 2020-2021-ci tədris ilindən ATU-da bakalavriat səviyyəsi üzrə “Fizioterapiya və tibbi reabilitasiya”, “Tibb bacısı işi”, magistratura səviyyəsi üzrə isə “Klinik (tibbi) psixologiya” və “Səhiyyə sahəsi üzrə menecment” ixtisaslarına qəbul aparılır.