Azərbaycan Tibb Universitetinin məzunları dünyanın bir çox ölkələrində müxtəlif ixtisaslar üzrə işləyir, həm tibbi praktika, həm də elm sahəsində nailiyyət qazanırlar. Onlardan biri – ginekoloq Elvin Piriyev bu günlərdə nüfuzlu beynəlxalq mükafata layiq görülüb.
Hazırda Almaniyada işləyən, 2-ci dərəcəli mini invaziv cərrah adına layiq görülən Elvin Piriyev Almaniyanın AGE (Arbeitsgemeinschaft gynäkologische Endoskopie) endoskopik cəmiyyətinin mükafatını qazanıb. Bu haqda “Kölner Wochenspiegel” qəzetində məlumat da dərc olunub.
E.Piriyevin sözlərinə görə, AGE cəmiyyəti ginekoloji endoskopiya sahəsində hər il 3 mükafat təsis edir. Bu il təltif olunanlar sırasında onun təqdim etdiyi elmi iş 3 ən yaxşı tədqiqatdan biri kimi mükafata layiq görülüb: “Hazırda 6 elmi məqaləm beynəlxalq jurnallarda dərc olunub. Məqalələrdən biri alman dilli jurnalda çap olunub. Bir neçə ay öncə Almaniyanın ginekoloji endoskopik cəmiyyəti tərəfindən MIC-II (2ci dərəcəli mini invaziv cərrah) adına layiq görüldüm və ölkədə bu titulu qazanmış ən cavan həkim oldum”.
E.Piriyev 2012-ci ildə ATU-dan məzun olduqdan sonra DAAD və Səhiyyə Nazirliyinin birgə təşkil etdiyi layihənin təqaüdünü qazanaraq Almaniyaya yollanıb. 2018-ci ildə uzman doktor səviyyəsinə (facharzt) qalxıb.Sonradan tibb üzrə fəlsəfə doktoru adını da qazanıb. İndi isə Witten/Herdecke Universitetində tibb doktoru titulunu qazanmaq üçün tədqiqatlara başlayıb. E.Piriyev həm də Almaniya-Azərbaycan ginekoloji cəmiyyətini təmsil edir.