Rəşad Alpaşayev beynəlxalq sertifikatlarla təltif edilib
Universitetimizin tələbələri arasında gənc tədqiqatçılar çoxdur. Onlar dünyada baş verən yenilikləri maraqla izləyir, yerli və beynəlxalq konfranslarda mütəmadi olaraq elmi məqalələrlə çıxış edirlər. Belə gənclərdən biri də II Müalicə-profilaktika fakültəsinin tələbəsi Rəşad Alpaşayevdir.
İştirakçısı olduğu konfranslarda və kurslarda xüsusi fəallığı ilə seçilən R.Alpaşayev bu günlərdə daha iki uğura imza atıb. O, Bakı Ali Neft Məktəbinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş Tələbə və Gənc Tədqiqatçıların II Beynəlxalq Elmi Konfransında iştirak edib.
Tədqiqatçı tələbə konfransa qatılmamışdan öncə ATU-nun Tibbi və bioloji fizika kafedrasının müəllimi, dosent İlqar Aslanovun elmi rəhbərliyi altında tezis hazırlayıb. Biometriyanın əsas üstünlüklərini, biometrik texnologiyaların istifadəsini, nəzarət nöqtəsindən keçən çox sayda insanın şəxsiyyətini yoxlamaq imkanlarını özündə əks etdirən tezis bəyənilib və tezis kitabçasında nəşr olunub.
Bundan sonra “Proseslərin avtomatlaşdırılması və informasiya təhlükəsizliyi – 2021” bölümü altında məruzələr dinlənilib. R.Alpaşayevin “Nəzarət sistemlərində şəxsiyyətin biometrik identifikasiya olunması” mövzususunda çıxışı maraqla qarşılanıb. Konfrans heyətindən əməkdaşlıq təklifi alan universitetimizin tələbəsi sonda fərqlənmə sertifikatı ilə təltif edilib.
R.Alpaşayevin başqa bir təltifi isə Harvard Universitetindən gəlib. Belə ki, o, adıçəkilən universitetin rəsmi saytında hər ay COVID-19 virusunun klinik-profilaktik cəhətdən idarə olunması mövzusunda təşkil edilən beynəlxalq kurslara qatılıb. Qaydaya görə, vebinarların mövzusuna dair final testi keçirilir və 75%-dən yuxarı nəticə əldə edən şəxslər xüsusi sertifikatla təltif olunur. Bu tələblərə cavab verən universitetimizin təmsilçisi R.Alpaşayev də hazırda öz aktuallığını qoruyan COVID-19-un səbəb olduğu kardiovaskular (ürək-damar sistemi) komplikasiyalar mövzusunda vebinarın final testindən uğurla keçib və həmin kurs üzrə sertifikata layiq görülüb.