Dövlət Attestasiya komissiyalarının sədrləri hesabat verib

Pandemiya və postmüharibə dövründə təşkil olunmasına baxmayaraq, imtahanlar zamanı neqativ hallara rast gəlinməyib

 

Azərbaycan Tibb Universitetində 2020/2021-ci tədris ilinin sonuncu Böyük Elmi Şurasının iclası keçirilib. Onlayn formatda təşkil olunan tədbiri açıq elan edən ATU-nun rektoru, professor Gəray Gəraybəyli bildirib ki, 2020/2021-ci tədris ili üzrə Dövlət Attestasiya komissiyaları bu günlərdə öz işlərini başa çatdırıb. Buraxılış dövlət imtahanları mövcud Əsasnaməyə uyğun olaraq keçirilib və qaydalara tam əməl edilib. Buraxılış Dövlət Attestasiya komissiyalarının işlərinin nəticələri haqqında hesabat vermək üçün Səhiyyə Nazirliyinin təsdiq etdiyi Dövlət Attestasiya komissiyalarının sədrləri və üzvləri Elmi Şuraya dəvət olunublar.

Sonra iclasda Azərbaycan Tibb Universiteti üzrə 2020/2021-ci tədris ilində Dövlət Attestasiya komissiyaları sədrlərinin hesabatı dinlənilib. Gənc mütəxəssislərin hazırlığı işinin yaxşılaşdırılmasında universitet kollektivinin vəzifələri müzakirə olunub.

I Müalicə-profilaktika fakültəsinin Buraxılış Dövlət Attestasiya Komissiyasının sədri, Elmi-Tədqiqat Mamalıq-Ginekologiya İnstitutunun dirеktor müavini, t.е.d., professor Aytən Məmmədbəyli, II Müalicə-profilaktika fakültəsinin Buraxılış Dövlət Attestasiya Komissiyasının sədri, Еlmi-Tədqiqаt Travmatologiya və Ortopediya İnstitutunun direktoru, t.е.d., professor İlqar Qasımov, Stomatologiya fakültəsi üzrə Buraxılış Dövlət Attestasiya Komissiyasının sədri, Ə.Əliyеv аdınа Аzərbаycаn Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Stomаtologiyа və üz-çənə cərrаhiyyəsi kаfеdrаsının dosenti, t.ü.f.d. Lalə Quliyeva, İctimai səhiyyə fakültəsi üzrə Buraxılış Dövlət Attestasiya Komissiyasının sədri, Milli Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun İnsan helmintozları və bağırsaq protozoozları laboratoriyasının müdiri, t.ü.e.d. Akif Salehov, Əczaçılıq fakültəsində bakalavr mərhələsi üzrə Dövlət Attestasiya Komissiyasının sədri, “İnnovasiya və Təchizat Mərkəzi”nin publik hüquqi şəxsi – baş direktorun müavini, b.ü.f.d. Rüstəm Rüstəmbəyov buraxılış dövlət imtahanları haqqında ətraflı məlumatlar veriblər. Hərbi tibb fakültəsi üzrə Buraxılış Dövlət Attestasiya Komissiyasının sədri, Bаş Qərаrgаh rəisinin müаvini, Döyüş hаzırlığı və hərbi təhsil Bаş İdаrəsinin rəisi, gеnеrаl-mayor Ənvər Əfəndiyev üzrlü səbəbdən iclasda iştirak etmədiyi üçün dövlət imtahanı haqqında Hərbi tibb fakültəsinin rəisi, tibb xidməti polkovniki Çingiz Əlləzov çıxış edib.

Komissiya sədrləri hesabat məruzələrində qeyd ediblər ki, bir sıra ixtisaslar üzrə Əczaçılıq fakültəsində buraxılış işinin müdafiəsi, I və II Müalicə-profilaktika, İctimai səhiyyə, Stomаtologiyа və Hərbi tibb fakültələrində Yekun Dövlət Attestasiyası mövcud Əsasnamə qaydalarına uyğun aparılıb. Bu qaydalar fakültə şuralarında, universitetin Böyük Elmi Şurasının iclasında təsdiq olunub.

Komissiya sədrləri bildiriblər ki, bu il buraxılış imtahanları pandemiya və Vətən müharibəsindən sonrakı dövrə düşsə də, əvvəlki illərdə olduğu kimi, yüksək səviyyədə baş tutub və tələbələr obyektivlik şəraitində yüksək bilik nümayiş etdiriblər. İmtahanların yüksək səviyyədə təşkil edilməsinə görə universitet rəhbərliyinə, xüsusilə rektor Gəray Gəraybəyliyə minnətdarlıq edən komissiya sədrləri, eyni zamanda fakültə dekanlarının bu prosesdəki fəaliyyətini qənaətbəxş qiymətləndiriblər. Onlar imtahanlar zamanı heç bir narazılğın baş vermədiyini diqqətə çatdırıblar və gələcəkdə bu prosesin daha da mütəşəkkil həyata keçirilməsi keçirilməsi üçün öz təklif və rəylərini dilə gətiriblər.

Hesabat çıxışlarına yekun vuran universitetin rektoru, professor Gəray Gəraybəyli komissiya sədrlərinə imtahanları uğurla başa çatdırdıqları üçün dərin təşəkkürünü bildirib: “Həqiqətən də komissiya sədrlərinin dediyi kimi, builki dövlət buraxılış imtahanları dünyanı ağuşuna alan qorxulu pandemiya və sonra da 44 günlük Vətən müharibəsi dövrünə təsadüf etsə də, yüksək səviyyədə həyata keçirildi. Məhz bunun nəticəsidir ki, imtahan zamanı neqativ hallara rast gəlinmədi”.        

Sonra universitetin Tədris hissə müdiri, dosent Samir Cavadovun təqdim etdiyi 2021/2022-ci tədris ili üzrə tədris planı və ATU-nun Elmi katibi, professor Nazim Pənahovun təqdim etdiyi 2021/2022-ci il üzrə iş planının təsdiqi haqqında sənədlər toplantı iştirakçılarının diqqətinə çatdırılıb. Hər iki plan şura üzvləri tərəfindən təsdiqlənib.

Daha sonra gündəlikdə duran müxtəlif məsələlər müzakirə olunub. 2021/2022-ci tədris ilindən etibarən “Qidalanma və kommunal” kafedrasının adının dəyişdirilərək “Qidalanma və tibbi gigiyena” adlandırılması şura üzvləri tərəfindən səsə qoyularaq təsdiq edilib. Bundan başqa, Böyük Elmi Şura ATU-da təhsil almaq üçün müraciət edən əcnəbi vətəndaşlığı olmayan şəxslərin hazırlıq kursu keçmədən universitetin I kursuna qəbul olunması və eləcə də 2020/2021-ci tədris ilində ATU-da təhsil almaq üçün müraciət edən əcnəbi vətəndaşlığı olmayan hazırlıq kurs tələbələrinin final imtahanı keçirilmədən nəticələrinin məqbul hesab edilməsinə razılıq verib. Eləcə də Rezidentura həkim-mütəxəssis hazırlığı aparılan bəzi ixtisasların təhsil proqramları təsdiqlənib.  

Böyük Elmi Şura elmlər doktoru işlərinin mövzusunu və elmi məsləhətçilərini, həmçinin elmlər doktoru işində dissertasiya mövzusunun, işlərinin adının və elmi məsləhətçisinin dəyişdirilməsini, eləcə də dərslik, dərs vəsaitləri və metodik vəsaitləri təsdiqləməklə öz işini başa çatdırıb.

Sonda universitetin rektoru, professor Gəray Gəraybəyli 2020/2021-ci tədris ilini başa vuran ATU-nun professor-müəllim heyətinə, o cümlədən bütün kollektivə mənalı istirahət arzulayıb.