Tədris Cərrahiyyə Klinikasında “Neyro monitorinq”in vasitəsilə tam təhlükəsiz əməliyyatlar həyata keçirilir
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında müasir texnologiyalara əsaslanan cihazlardan geniş istifadə olunur. Onlardan biri də qalxanvari vəzin əməliyyatı üçün nəzərdə tutulmuş “Neyro monitorinq” cihazıdır.
Bu cihazın əhəmiyyəti barədə ATU-nun I Cərrahi xəstəliklər kafedrasının assistenti, cərrah-endokrinoloq t.ü.f.d. Azər Hümmətov qəzetimizə məlumat verib: “Bildiyimiz kimi, qalxanvari vəzin arxasında qaydan qırtlaq siniri yerləşir. Bu sinir bizim səs tellərimizi innervasiya edir. Cərrahi əməliyyat zamanı səs tellərimizi qorumaq üçün bütün dünyada bu cihazdan istifadə edilir. Ölkəmizdə isə Tədris Cərrahiyyə Klinikası fəaliyyətə başladığı gündən “Neyro monitorinq” cihazı xəstələrimiz üzərində tətbiq olunur. Qeyd etdiyim kimi, bu cihazın ən böyük əhəmiyyəti ondan ibarətdir ki, səs sinirinin tamlığını qoruyub saxlayır. Əməliyyat zamanı sinir bu cihaz vasitəsilə müəyyən edilir və əməliyyat daha təhlükəsiz şəraitdə icra olunur. Həm əməliyyatdan öncə, həm də əməliyyatdan sonra xəstədə hər hansı mənfi dəyişiklik olmur. Qaydan qırtlaq sümüyünün müəyyən edilməsində bizə kömək etməklə yanaşı, bu cihazın başqa faydası da var. Belə ki, əməliyyat zamanı hər hansı sinirə toxunma baş verərsə və yaxud sinir bağlanarsa, onun vasitəsilə həmin yer müəyyən edilir və biz rahat şəkildə o hissəni, daha doğrusu, sapla bağlanmış düyünü tapıb açırıq və sinirin keçiriciliyini yoxlayırıq. Əgər sinirin keçiriciliyində heç bir problem yoxdursa, əməliyyat uğurla tamamlanmış hesab olunur. Beləliklə, bu cihazın üstün cəhəti xəstələrin təhlükəsizliyinə zəmanət verməklə aparılan cərrahi əməliyyatın uğurla həyata keçirilməsinə imkan yaratmasıdır”.
A.Hümmətovun sözlərinə görə, son illər bütün dünyada olduğu kimi, ölkəmizdə də qalxanvari vəz xəstəliklərindən əziyyət çəkənlərin sayı çoxalıb: “Belə əməliyyatları daha təhlükəsiz şəraitdə, yəni siniri qorumaq şərti ilə həyata keçirmək üçün tərəfimizdən “Neyro monitorinq” cihazı tətbiq olunur. Əməliyyat zamanı cərrahı stresdən azad edən bu cihaz qalxanvari vəzin cərrahiyyəsində çox yüksək texniki imkanlara malikdir”.
Həkim sonda qeyd etdi ki, elə bu günlərdə “Neyro monitorinq” cihazının vasitəsilə növbəti xəstə üzərində tam təhlükəsiz və rahat şəkildə qalxanvari vəzin cərrahi əməliyyatı uğurla həyata keçirilib.