Ağır koronavirus xəstələrinin 90-95 %-i peyvənd olunmayanlardır

Həkim: "Bir çoxları düşünür ki, məhdudiyyətlər yoxdursa, deməli virus yoxa çıxıb"

 

Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Pulmonologiya və allerqologiya şöbəsinin həkimi Günel Sadıqova son günlər koronavirusa yoluxma hallarının artmasına münasibət bildirib.

Onun sözlərinə görə, kütləvi vaksinasiya prosesinə hər kəs qoşulmalıdır. Çünki ölkədə yoluxma sayının artması həm dövlət, həm əhali, həm də səhiyyə işçiləri üçün təhlükə yaradır. Belə ki, artımlarla əlaqədar tibb müəssisələri yüklənmiş olacaq və qabaqlayıcı tədbirlərin görülməsində gecikmələr yaranacaq.

Mütəxəssis qeyd edib ki, insanlar arasında laqeydlik və təhlükəsizlik tədbirlərinə riayət olunmaması bu artımlara rəvac verir: “Bir çoxları düşünür ki, məhdudiyyətlər yoxdursa, deməli virus yoxa çıxıb. Halbuki pandemiya hələ bitməyib və virus yayılmağa davam edir. Yeni “Delta” ştammının qonşu ölkələrdə sürətlə yayılması, eləcə də ölkəmizdə mövcudluğu bizim üçün ciddi siqnal olmalıdır. Çünki bu ştamm böyük sürətlə yayıla bilir”.

G.Sadıqova müşahidələrə əsaslanaraq bildirib ki, bu gün xəstəxanaların reanimasiya şöbələrində müalicə alan koronavirus xəstələrinin 90-95 %-i peyvənd olunmayan insanlardır. Peyvənd yoluxmanı tamamilə aradan qaldırmasa da, ağırlaşma və ölüm hallarını kifayət qədər azaldır. Ona görə də kütləvi peyvəndlənməni sürətləndirməklə, virusun öhdəsindən gəlmək mümkündür.

Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarına əsasən, sentyabrın 1-dən dövlət orqanlarında, habelə bütün tibb və əczaçılıq, elm və təhsil müəssisələrində işçilərin azı 80 faizinin COVİD-19-a qarşı birinci doza, oktyabrın 1-dən isə ikinci doza peyvənd olunması və ya COVİD-19-a qarşı immunitet sertifikatı tələb olunacaq.

Eyni zamanda ali və orta-ixtisas təhsili müəssisələrində təhsil alan yaşı 18-dən yuxarı bütün şəxslərin COVİD-19 pasportunun olması zəruridir.

Bununla yanaşı, yaşı 18-dən yuxarı olan şəxslər qapalı məkanlarda göstərilən xidmətlərdən yalnız COVİD-19 pasportu olduğu halda istifadə edə biləcək.