Məlum olduğu kimi, ötən il Azərbaycan Tibb Universitetinin yaradılmasının 90 illiyi tamam oldu. Bununla əlaqədar olaraq, il ərzində bir sıra tədbirlər həyata keçirildi. 2021-ci il aprelin 9-da isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu münasibətlə ATU-nun əməkdaşlarının mükafatlandırılması haqqında sərəncamlar imzaladı.
Bu münasibətlə ATU-da mükafatların təqdim olunması mərasimi keçirilib. Tədbirdə çıxış edən universitetin rektoru, professor Gəray Gəraybəyli pandemiya şərtlərinin yumşaldılmasının bu canlı tədbirin keçirilməsinə şərait yaratdığını bildirib. O təəssüflə qeyd edib ki, koronavirus səbəbindən ötən il 90 illik yubiley münasibətilə əvvəlcədən planlaşdırılan tədbirlərin yalnız kiçik bir hissəsi onlayn şəkildə həyata keçirilib.
Professor Gəray Gəraybəyli Ermənistanın hərbi təcavüzü nəticəsində 30 il işğalda olan torpaqlarımızın azad edildiyi 44 günlük Vətən müharibəsinə xüsusi toxunub, ATU-nun çoxlu sayda əməkdaşının bu şərəfli tarixdə imzası olduğunu vurğulayıb.
Rektor təltif olunan əməkdaşları bir daha təbrik edib və yüksək mükafatlara görə universitetin kollektivi adından Prezident İlham Əliyevə təşəkkür edib.
Daha sonra mükafatlar təqdim olunub.
Xatırladaq ki, dövlət başçısının sərəncamlarına əsasən, ATU-nun 3 əməkdaşına “Əməkdar elm xadimi”, 4 əməkdaşına “Əməkdar müəllim”, 4 əməkdaşına “Əməkdar həkim” fəxri adları verilib. Bununla yanaşı, 10 əməkdaşımız “Tərəqqi” medalı ilə təltif olunub. Eləcə də Səhiyyə Nazirliyi tərəfindən ATU-nun 20 əməkdaşımız təltif edilib.