Qocaman idmançının 80 illik yubileyi qeyd olunub

Bu gün ATU-nun “Təbib” idman klubunun əməkdaşları uzun illər onlarla birgə çalışan, hal-hazırda təqaüddə olsa da, doğma kollektivlə daim əlaqə saxlayan, məsləhətlərini gənc həmkarlarından əsirgəməyən qocaman idmançı Adil Dadaşovun 80 illik yubileyini qeyd ediblər.

“Təbib” idman klubunun sədri Qələndər Aslanov yubilyarın ömür yolu haqda qısa məlumat verərək bildirib ki, A.Dadaşov 1955-ci ildə idmanın sərbəst güləş növü üzrə SSRİ idman ustası adına layıq görülüb. İnstitutu bitirdikdən sonra “Burevestnik” idman cəmiyyətinin güləş bölməsinə baş məşqçi təyin olunan A.Dadaşov 1964-cü ildən peşəkar idman müəllimi kimi Azərbaycan Tibb İnstitutunda da fəaliyyətə başlayıb: “1971-ci ildə Tibb İnstitutunda baş müəllim vəzifəsinə təyin olunub və 2015-ci ilədək həmin vəzifədə Azərbaycanın idman şərəfini qoruyaraq, universitetimizi beynəlxalq arenada layiqincə təmsil edib. Bu illər ərzində Adil müəllim 100-lərlə müxtəlif dərəcəli idmançılar yetişdirib. Onlardan SSRİ idman ustası Murad Mərdanov, Kik-boks üzrə dünya çempionu Canpolad Budaqov, millət vəkili, karate üzrə üçqat dünya çempionu Ülvi Quliyev və başqalarının adlarını iftixarla çəkə bilərik. Həmçinin universitetimizin əməkdaşları Cahangir Qasımov, Oqtay Mehdiyev, tanınmış peşəkar həkimlər və digər sahələrdə çalışan mütəxəssislər Adil müəllimdən dərs alıblar”.

Q.Aslanov fəaliyyəti dövründə ali təhsil müəssisələri arasında keçirilən Respublika universiada və çempionatlarında ATU-nun güləş bölməsinin hər il birincilik əldə etdiyini və Adil müəllimin rəhbərlik tərəfindən dəfələrlə təşəkkürnamə aldığını diqqətə çatdırıb. İstər pedaqoji və məşqçilik fəaliyyətini, istərsə də tələbələrlə davranış qaydalarını, ünsiyyəti Adil müəllimdən öyrəndiklərini və bununla fəxr etdiklərini söyləyən Q.Aslanov ömrünün müdriklik çağını yaşayan yubilyarı idman klubunun kollektivi adından təbrik edib, ona möhkəm cansağlığı arzulayıb.

İdman klubunun əməkdaşarı - professor Zakir Məmmədov,  Cəlaləddin Babayev, Sevinc İsayeva, Aybəniz Əliyeva, Xatirə Şıxlı, “Təbib” idman kompleksinin direktoru Nuriyə Seveşova və başqaları da çıxış edərək Adil müəllimlə bağlı xatirələrini bölüşüblər, ən xoş arzularını dilə gətiriblər.

Tədbirin sonunda xüsusi təşəkkürnaməni qəbul edən A.Dadaşov ona göstərilən bu diqqətdən çox məmnun olduğunu söyləyərək, doğma kollektivə təşəkkürünü bildirib.