Bu gün görkəmli alim, əməkdar elm xadimi, professor Tamerlan Əziz oğlu Əliyevin anadan olmasının 100 ili tamam olur. Bu münasibətlə Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Endokrinologiya şöbəsində Tamerlan Əziz oğlu Əliyevin barelyefinin açılışı olub.
Açılış mərasimində Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli çıxış edərək Tamerlan Əliyevi Azərbaycanın tibb elminin və səhiyyəsinin öndər nümayəndəsi adlandırıb: “Görkəmli elm xadimi Tamerlan Əliyevin ölkəmizdə tibb elminin inkişafında danılmaz xidmətləri olub. Həm də yüksək insani keyfiyyətləri ilə seçilən professor T.Əliyev Azərbaycan üçün yüksək ixtisaslı kadrların yetişdirilməsi işinə misilsiz töhfə verib. Fəaliyyətinin müəyyən dövrü Tibb Universiteti ilə bağlı olan Tamerlan Əliyevin 100 illik yubileyi bizim ali məktəbdə də geniş qeyd olunur”.
Rektor bildirib ki, artıq ATU-da tibb elmləri doktoru, professor T.Əliyevin 100 illik yubileyi ilə bağlı silsilə tədbirlərə start verib. Belə ki, ötən həftə universitetdə Gənc alimlər və tələbələrin konfransı keçirilib. Sabah isə ATU-da dünyanın 13 aparıcı elmi müəssisəsi və ali məktəbinin nümayəndələrinin iştirakı ilə beynəlxalq konqres işə başlayacaq. Üç gün davam edəcək tədbirdə Fransa, İngiltərə, Türkiyə, Kanada, ABŞ və Türkiyənin ali məktəblərindən qonaqlar iştirak edəcək.
Görkəmli alim T.Əliyevin qızı Tamfira Əliyeva nümayiş etdirilən diqqət üçün ATU rəhbərliyinə təşəkkürünü bildirdi. Atası haqqında xatirələrini bölüşən Tamfira Əliyeva onun iş həyatında Tibb Universitetində olduğu illərin mühüm rol oynadığını da bildirib. Sonra barelyefin açılışı olub. Mərasimdə Tamerlan Əliyevin ailə üzvləri, yaxınları ilə yanaşı, ATU-nun nümayəndələri də iştirak ediblər.