Bakıda Macarıstan universitetlərinin iştirakı ilə keçirilən təhsil forumu çərçivəsində Macarıstanın Pecs Universitetinin beynəlxalq əlaqələr üzrə mütəxəssisi Gabor Czeh Azərbaycan Tibb Universitetində qonaq olub.
Qonağı ATU-nun rektoru professor Gəray Gəraybəyli adından salamlayan beynəlxalq əlaqələr üzrə prorektor dosent Orxan İsayev qeyd edib ki, ATU-nun beynəlxalq əlaqələrinin genişləndirilməsi universitetin fəaliyyətinin ən mühüm istiqamətlərindən biridir. Dünyanın bir çox elm və təhsil qurumları ilə əməkdaşlığa dair sazişi olan ATU bir çox qabaqcıl təhsil və elm mərkəzləri ilə əlaqələr qurub. Bu əməkdaşlıq müəllim və tələbələrin mübadiləsi, müştərək elmi araşdırmalar, müəllimlərin ixtisasartırması, informasiya və elmi-metodik ədəbiyyat mübadiləsi kimi sahələri əhatə edir. Prorektor qeyd edib ki, Macarıstanın tibb təhsili verən ali təhsil müəssisələri ilə də, bu istiqamətdə əlaqələrin qurulmasında ATU çox maraqlıdır.
Görüş çərçivəsində həmçinin, qonağa Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” haqqında məlumat verilib və bu sahədə əməkdaşlıq prespektivləri müzakirə edilib.
Pech Universitetinin beynəlxalq əlaqələr üzrə mütəxəssisi Gabor Czeh də təmsil etdiyi universitetin Macarıstanın qabaqcıl ali məktəblərindən biri olduğunu, burada bir çox xarici ölkələrdən, o cümlədən Azərbaycandan da tələbələrin təhsil aldığını bildirib. Cənab G.Czeh ATU ilə əlaqələrin inkişafında maraqlı olduqlarını da qeyd edib və yaxın zamanda bu istiqamətdə konkret addımların atılmasının mümkünlüyünü bildirib.
Daha sonra qonaq, ATU-nun nəzdində fəaliyyət göstərən klinikalarla və tədris binaları ilə, İnsan anatomiyası kafedrasındakı Anatomik tədris muzeyinindəki nadir eksponatlarla və həmçinin, ATU-nun “Təbib” idman klubunun işi ilə yaxından tanış olub.