Rusiyanın MDB ölkələri, xaricdə yaşayan həmvətənlərlə iş üzrə Federal Agentliyi “Rossotrudniçestvo”nun sifarişi ilə Rusiya Xalqlar Dostluğu Universitetinin nümayəndə heyəti Azərbaycanda səfərdə olub. Nümayəndə heyəti «Tibb ixtisası üzrə milli kadrların ixtisasının artırılması üzrə tədbirlərin təşkili və aparılması» layihəsi çərçivəsində Azərbaycan Tibb Universitetində tibb mütəxəssisləri üçün təlim keçiriblər.
Bir neçə gün davam edən təlim zamanı 3 ixtisasartırma proqramı üzrə canlı praktiki məşğələlər keçirilib: respirator xəstəlikləri zamanı profilaktika, diaqnostika və müalicənin müasir aspektləri; ürək və damar xəstəliklərinin diaqnostikası və müalicəsinə müasir yanaşmalar; ürək və ağciyərlərin USM zamanı aktual məsələlər.
İxtisasartırma proqramında Azərbaycan Tibb Universitetindən və ölkənin digər tibb qurumlarından olan nümayəndələr iştirak edib. Praktiki seminarlarda Rusiya Xalqlar Dostluğu Universitetinin (RXDU) mütəxəssisləri — tibb elmləri doktoru, immunoloq Natalya Tataurşikova, tibb elmləri doktoru, RXDU-nun professoru, V.V.Vinoqradov adına şəhər kliniki xəstəxanasının həkimi Aytən Səfərova, assistent Aleksandr Çepurnoy, RXDU rus dili institutunun direktor müavini Pavel Sapojnikov, universitetin Tibb İnstitutunun əlavə təhsil mərkəzinin direktoru Diana Medyantseva təlimçi qismində çıxış ediblər. Proyektin ATU üzrə koordinatoru vəzifəsini Beynəlxalq Əlaqələr şöbəsinin müdir müvini Nigar Ələkbərova icra edib.
Qeyd edək ki, təlim iştirakçıları sonda sertifikartla mükafatlandırıblar.