Azərbaycan Tibb Universitetinin (ATU) Onkoloji Klinikasında ölkəmizdə səfərdə olan Türkiyənin radiasiya onkologiyası sahəsində tanınmış mütəxəssisi, onkoloq həkim, prof. dr. Berrin Pehlivanla görüş keçirilib.
Görüşdə Onkoloji Klinikanın Müalicə işləri üzrə direktor müavini, onkoloq-mamoloq, tibb üzrə fəlsəfə doktoru Nigar Mehdiyeva radiasiya onkologiyası sahəsində çoxsaylı elmi-tədqiqat işlərinin müəllifi olan B.Pehlivanın bugünkü təlimdə həkim, rezident və tələbələr üçün qeyd olunan sahədə müasir yanaşmalar, protonterapiya, süd vəzi xərçənginin şüa terapiyası metodlarına dair çıxış edəcəyini bildirib.
Daha sonra professor B.Pehlivan məruzə ilə çıxış edərək müasir dövrdə süd vəzi xərçənginin ən sıx qarşılaşılan xərçəng növü olduğunu qeyd edib. O, bu növə qadınlarla yanaşı, kişilərdə də rast gəlindiyini vurğulayıb. Məruzəçi bu xəstəlikdə yaşın risk faktorları arasında əsas rol oynadığını, süd vəzi xərçənginə yaşı 50-dən yuxarı olan qadınlarda daha çox rast gəlindiyini diqqətə çatdırıb: “Bununla yanaşı, daha əvvəl xərçəng tarixçəsi olanlarda, ailəsində bu xəstəliklə qarşılaşanlar olduqda, həmçinin erkən klimaks dövrünə daxil olanlarda, yağlı və daha az aktiv həyat tərzi keçirən, siqaret və alkoqol qəbul edən, infeksion xəstəliklərlə qarşılaşmış, eləcə də oral kontraseptivlərdən istifadə edən qadınlarda bu risk daha da artır”.
Türkiyəli professor ana olmağın və əmizdirməyin xərçəng xəstəliyindən qorunmaq baxımından böyük əhəmiyyət kəsb etdiyini deyib.
“Müasir dövrdə xərçəng xəstəliyi ürək xəstəlikləri, şəkərli diabet və s. kimi müalicəsi mümkün olan xəstəlikdir”, – deyə bildirən B.Pehlivan qadınların həyat tərzinə diqqət yetirməklə bu xəstəlikdən qorunmasının mümkün olduğunu vurğulayıb.
Mütəxəssis, həmçinin tövsiyə olunan süd vəzi xərçəngi müayinələri, xəstəliyin radioterapiya, kimyaterapiya və cərrahi üsullarla müalicəsi, süd vəzi qoruyucu əməliyyatlarda radioterapiya göstəriciləri haqqında ətraflı məlumat verib, radioterapiya zamanı ürəyi və ağciyərləri qorumaq üçün görülən tədbirlərdən bəhs edib.
Məruzə ətrafında geniş müzakirələr aparılıb. B.Pehlivan təlim iştirakçılarının çoxsaylı suallarını cavablandırıb.
Qeyd edək ki, türkiyəli professor B.Pehlivanın ölkəmizə səfəri çərçivəsində informasiya dəstəyini Aztibb.az səhiyyə portalı həyata keçirir.