ATU-nun Ortopedik stomatologiya kafedrasının müdiri, professor Nazim Pənahov və kafedranın assistenti Rüfət Hüseynlinin müəllifliyi ilə işıq üzü görən “Ortopedik stomatologiya. İmplantüstü protezlər” kitabının təqdimatı olub.
Təqdimat mərasimini açan professor N.Pənahov həmişə ilklərə imza atmağa çalışdıqlarını deyib. Bildirib ki, 2017-ci ildə Ortopedik stomatologiya kafedrasının müdiri seçiləndən sonra ilk verdiyi söz proqramın dəyişdirilməsi və yeni proqram əsasında kafedranı yeni kitabla təchiz etməklə bağlı idi: “Allaha çox şükürlər olsun ki, sözümüzə əməl edə bildik. Artıq özümüzün sayca 7-ci, məzmunca 3-cü kitabımızı sizə təqdim edirik. Bundan əvvəl Azərbaycan dilində “Ortopedik stomatologiya. Dişlərin morfologiyası və oyma texnikası”, “Ortopedik stomatologiya.
Propedevtika” və digər kitablarımız çıxıb. Sonra həmin kitabların ingilis və rus versiyaları hazırlandı. Beləliklə, kitabların sayını 6-ya çatdırdıq. İndi isə növbəti kitabımızın – “Ortopedik stomatologiya. İmplantüstü protezlər” kitabının təqdimatına yığışmışıq. Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalmış bütün tibb işçilərinin əziz xatirəsinə ithaf olunan bu kitabın bir özəlliyi də odur ki, təqdimatı gözəl bir vaxta, qələbəmizin ildönümü günlərinə təsadüf etdi”.
Sonra təqdim olunan video-çarxda Şuşanın azad olunması haqda Ali Baş Komandan İlham Əliyevin çıxışı və ecazkar Azərbaycan musiqisinin sədaları altında şəhid tibb işçilərinin foto-şəkilləri nümayiş etdirilib, şəhidlərimizin xatirəsi ehtiramla anılıb. N.Pənahov bildirib ki, şəhid olan 42 tibb işçisinin 9-u həkim, onların 3-ü isə stomatoloq idi – Mirlətif Ağayev, Taryel Salmanov və Yunis Hacılı.
Daha sonra kitabın fəsilləri, bölümləri haqda ətraflı məlumat verən N.Pənahov dərsliyin hazırlanmasında əsərlərindən, bilik və zəngin təcrübələrindən bəhrələndikləri yerli və xarici həmkarlarına minnətdarlıqlarını bildirib. Yeni dərsliyin tələbələr, rezidentlər, həmçinin dental implantologiya ilə məşğul olmaq arzusunda olan gənc həkim-stomatoloqlar üçün masaüstü kitaba çevriləcəyinə əminliyini ifadə edib.
Xatırladaq ki, ATU-nun Böyük Elmi Şurasının qərarı ilə dərslik kimi təsdiq edilən kitabın rəyçiləri ATU-nun Uşaq stomatologiyası kafedrasının müdiri, Azərbaycan Stomatoloji Assosiasiyasının prezidenti, professor Rəna Əliyeva, Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunun Stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrasının müdiri, professor Oqtay Seyidbəyov, elmi redaktoru isə ATU-nun Ortopedik stomatologiya kafedrasının professoru Zöhrab Qarayevdir.
Müəlliflər haqqında məlumatla başlayan dərslik, əvvəlki 6 kitaba bənzər hazırlanıb. Ön sözdən və 15 fəsildən ibarətdir. Hər fəslin məzmununa uyğun rəngli şəkillər kitaba həm də estetik bir gözəllik verib. Müəlliflər haqlı olaraq bu fikirdədirlər ki, dərsliyin illüstrativ materiallarla zəngin olması tələbələrə bu fənni daha rahat qavramağa yardım edəcək.
ATU-nun Ortopedik stomatologiya kafedrasının professoru Zöhrab Qarayev, Stomatoloji Klinikasının direktoru Mahir Səfərov, Azərbaycan İmplantoloqlar İctimai Birliyinin sədri Cabbar Həsənov və başqaları da təqdimat mərasimində çıxış edərək, müəlliflərin əməyini yüksək qiymətləndiriblər. Bu dərsliyin ortopedik stomatologiyanın müvafiq bölmələrinin öyrənilməsində gərəkli bir mənbə olacağı vurğulanıb.
Kitabın ikinci müəllifi, Ortopedik stomatologiya kafedrasının assistenti Rüfət Hüseynli dərsliyi hazırlayarkən apardıqları araşdırmalarla bağlı fikirlərini iştirakçılara çatdırıb. Bu kitabda bəzi ifadələri öz dilimizə çevirdiklərini, amma yeniliklərə, beynəlxalq terminlərə qısqanc yanaşmadıqlarını vurğulayıb.
Ümidvarıq ki, Stomatologiya fakültəsinin tələbələri üçün nəzərdə tutulan və yüksək peşəkarlıqla hazırlanan bu vəsait həm də praktik həkimlərin stolüstü kitabına çevriləcək.