Azərbaycan Tibb Universiteti beynəlxalq əlaqələrinin gücləndirilməsi, məktəbin adının dünya miqyasında nüfuzlu təhsil və elm platformalarında daha da tanıdılması istiqamətində növbəti uğurlu addımı atıb. Bu gün ATU ilə Türkiyənin 5 universiteti arasında ayrı-ayrılıqda əməkdaşlığa dair saziş imzalanıb.
Sazişlərin imzalanmasına həsr olunmuş görüşdə Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli qonaqlara ali məktəbin tarixi, fəaliyyəti haqqında məlumat verib. Bildirib ki, son illər aparılan islahatlar ATU-da tədris prosesinin keyfiyyətinin artırılması, həmçinin təhsilin beynəlxalq standartlara uyğunlaşdırılmasına xidmət edib. Bu da getdikcə daha çox əcnəbi tələbənin ATU-nu seçməsinə imkan yaradıb. Hazırda 2 mindən çox xarici tələbəsi olan ATU bu göstərici üzrə respublikamızın ali təhsil müəssisələri arasında ilk yerdədir.
ATU-nun rektoru, professor G.Gəraybəyli universitetin beynəlxalq əlaqələri arasında Türkiyə ali məktəbləri ilə münasibətlərin xüsusi yer tutduğunu vurğulayıb. Rektor əminliklə bildirib ki, imzalanacaq yeni əməkdaşlıq protokolları bu münasibətlərin daha da güclənməsinə, ortaq uğurlu layihələrin ortaya qoyulmasına şərait yaradacaq.
Sonra Sağlık Bilimleri Universitetinin rektoru Cevdet Erdöl, Kütahya Dumlupinar Universitetinin rektoru Kazım Uysal, Bilecik Şeyh Edebali Universitetinin rektoru Şükrü Beydemir, Çankırı Karatekin Universitetinin rektoru Harun Çiftçi və Bolu Abant İzzet Baysal rektoru Mustafa Alişarli çıxış edərək təmsil etdikləri ali təhsil müəssisələri barəsində məlumat veriblər. Türkiyəli qonaqlar Azərbaycan xalqını böyük qələbənin ildönümü, Zəfər Günü münasibətilə də təbrik ediblər.
Görüşün yekununda ATU ilə Türkiyənin adları qeyd olunan beş universitetinin hər biri ilə ayrılıqda əməkdaşlığa dair saziş imzalanıb.
Görüşdə Bakı Avrasiya Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru Siyavuş Qasımov, Kütahya Dumlupınar Universitetinin prorektoru Atilla Batur, Bolu Abant İzzet Baysal Universitetinin Beynəlxalq əlaqələr ofisinin müdir İbrahim Kürtül, Bilecik Şeyh Edebali Universitetinin prorektoru İlhami Yurdakul, Çankırı Karatekin Universitetinin prorektoru Hüseyin Odabaş, ATU-nun Ümumi işlər üzrə prorektru Nizami Adilov, Beynəlxalq əlaqələr üzrə prorektor Orxan İsayev, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Müşfiq Orucov, Mətbuat xidmətini rəhbəri Günel Aslanova da iştirak edirdilər.