Tələbələr qəhrəman qazilərimizlə görüşüblər
Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və “Böyük Qayıdış” Gənclər İctimai Təşkilatının birgə təşkilatçılığı ilə noyabrın 4-də “44 Günün Qəhrəmanları” layihəsi çərçivəsində tələbələrlə növbəti görüş keçirilib. Azərbaycan Tibb Universitetində (ATU) təşkil olunmuş görüşdə Dövlət Himni səsləndirildikdən sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri açıq elan edən ATU-nun təbris və müalicə işləri üzrə prorektoru, professor Sabir Əliyev söyləyib ki, xalqımız böyük qürur və sevinc hissi ilə şanlı qələbəmizin ildönümünü qeyd etməyə hazırlaşır: “Ötən ilin 27 sentyabrında başlayan və 10 noyabrda düşmənin təslim olması ilə başa çatan müharibəni çox haqlı olaraq Vətən müharibəsi adlandırırıq. Hətta "Şanlı Vətən Müharibəsi" desək, daha doğru olar. Ümumiyyətlə, qəhrəman hərbçilərimizin 44 günlük yürüşünü bütün gözəl epitetlərlə bəzəsək, yenə də o fədakarlığın tam mənzərəsini ifadə edə bilməyəcəyik. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında yenilməz Azərbaycan Ordusu təkcə tarix yazmadı, həm də yeni coğrafiya yaratdı. Çünki bizim 90-cı illərdə düşmənin hərbi təcavüzü nəticəsində itirdiyimiz doğma torpaqlarımız ilk dəfə idi ki, müstəqil dövlətimizin igid övladları tərəfindən qısa bir müddətdə geri alınırdı”.
Professor S.Əliyev Vətən müharibəsi dövründə istər ön, istərsə də arxa cəbhədə öz sözünü deyən Azərbaycan gəncliyinin hər şeyə qadir olduğunu vurğulayıb. Onun bildirdiyinə görə, insanlarda milli ruhun yüksəldilməsi və maarifləndirmə işlərinin aparılmasında, eləcə də informasiya müharibəsi və sosial şəbəkələr vasitəsilə ölkəmizin haqq səsinin dünyaya çatdırılmasında gənclər təşkilatları böyük rol oynayıb.
Daha sonra Gənclər Fondunun icraçı direktorunun müavini Qədir Xəlilov və “Böyük Qayıdış” Gənclər Təşkilatının idarə heyətinin üzvü, bir çox hərbi əməliyyatların və Aprel döyüşlərinin iştirakçısı, Qarabağ qazisi, Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan baş leytenantı Əhliyət Mehdiyev Ali Baş Komandanın rəhbərliyi ilə qüdrətli və yenilməz ordumuzun 30 illik Vətən həsrətinə son qoymasından və bizi tarixi yurd yerlərimizə qovuşdurmasından fəxrlə danışıblar. Çıxışçılar Vətən müharibəsinin birinci ildönümünü yaşadığımız bu günlərdə belə silsilə tədbirlərin keçirilməsinin böyük önəm daşıdığına diqqəti çəkərək, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında bizlərə tariximizin şanlı səhifəsi olan böyük Zəfəri yaşatmış Vətən müharibəsi qəhrəmanlarının tanıdılması və gənc nəslin onlardan nümunə götürməsinin vacibliyini xüsusi vurğulayıblar.
Sonra toplantı iştirakçıları “Böyük Qayıdış” Gənclər Təşkilatının icraçı direktorunun müşaviri Elşən Qəhrəmanovun təqdimatında https://shehidimiz.az saytı və “Azərbaycan Gəncliyi Vətən Müharibəsində” adlı jurnalın PDF versiyası ilə tanış olublar.
Tələbələr və gənclər arasında qəhrəman hərbçilərimizin, qazilərimizin tanıdılması məqsədilə həyata keçirilən görüşdə açılış nitqlərinin ardınca dövlətçilik tariximizə qızıl hərflərlə yazılmış Vətən müharibəsindəki zəfəri və xalqımızın sevincini əks etdirən videoçarx nümayiş olunub.
Tədbirdə qonaq olan Vətən müharibəsi qaziləri Hüseyn Mirzəyev, Elvin Mamedov və Elnur Əkbərov müharibənin insanlara gətirdiyi fəlakətlərdən bəhs edərək, acılı-şirinli xatirələrini bölüşüblər. Onlar Prezident İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusunun yüksək peşəkarlıqla apardığı işğaldan azadetmə əməliyyatının dünya hərb tarixinə düşməsi ilə fəxr etdiklərini bildiriblər. Qazilər çıxışlarında bu günümüzün gənc nəslinin vətənpərvər yetişməsində mənsub olduqları xalqın, tərbiyə aldıqları valideyn və müəllimlərinin rolunu xüsusi qeyd edərək, bu kontekstdə Azərbaycan Tibb Universitetinin kollektivinə öz minnətdarlıqlarını çatdırıblar.
Çıxışlardan sonra qazilər tələbələrin suallarını cavablandırıblar. Diskussiya şəklində davam edən görüşdə cəsur qəhrəmanlarımız bir daha bildiriblər ki, əldə olunan böyük uğurların ən başlıca səbəbi xalqın və xüsusilə də gənclərin dəmir yumruq kimi Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməsidir.
Tələbələr adından çıxış edən ATU-nun İctimai səhiyyə fakültəsinin II kurs tələbəsi Ləman Əhmədova igid döyüşçülərimizə təşəkkür edib. O, Vətən müharibəsi zamanı şanlı Ordumuz tərəfindən nümayiş etdirilən vətənpərvərlik və birlik nümunəsini, qazilərimizin qəhrəmanlıqlarını digər tələbələrə də çatdıracaqlarına söz verib.
Sonda universitetimizlə görüşə gəlmiş qazilərə rəhbərlik adından xüsusi hədiyyələr təqdim olunub və tədbir iştirakçıları qazilərlə birgə xatirə şəkli çəkdiriblər.
Məlumat üçün bildirək ki, bu layihə çərçivəsində paytaxt və regionlarda geniş tələbə auditoriyasına malik olan ali təhsil müəssisələrinin tələbələri ilə Vətən müharibəsində böyük hünər və şücaət göstərmiş qazilərimizin görüşləri mütəmadi olaraq davam etməkdədir.