Azərbaycan Tibb Universiteti ilə Türkiyənin Ankara Universiteti arasında əməkdaşlığın əsasını qoyan saziş imzalanıb. Əməkdaşlığa dair sənəd hər iki ali məktəbin rektorları tərəfindən təsdiqlənib.
İmzalanma mərasimində çıxış edən ATU-nun rektoru, professor Gəray Gəraybəyli qeyd edib ki, Ankara Universiteti ilə əməkdaşlığın müddəti qısa olsa da, böyük nəticələr əldə olunub. ATU-nun I kurs tələbələri Ankara Universitetinin 4 ixtisas - tibb, stomatologiya, tibb bacılığı və sağlıq bilimləri ixtisasları üzrə onlayn dərslərində iştirak ediblər. Bundan sonrakı mərhələdə isə tələbə və müəllim mübadiləsinin tətbiqi də planlaşdırılır. Bundan əlavə, Ankara Universiteti ilə ikili diplom proqramlarının başlanmasına dair planlar da mövcuddur.
ATU-nun rektoru, professor G.Gəraybəyli sazişin imzalanma mərasiminin tarixi bir ərəfəyə - Zəfər Günü ərəfəsinə təsadüf etdiyini qeyd edərək Vətən müharibəsində qardaş Türkiyənin güclü dəstəyinə görə görüş iştirakçılarına təşəkkürünü də çatdırıb: “44 günlük müharibə zamanı vəzifəsindən, ixtisasından asılı olmayaraq hər bir kəs savaşın içindəydi. Bu ağır dönəmdə Türkiyədəki qardaşlarımızdan hərtərəfli dəstək alırdıq. Şuşanın alındığı gün, düşmənin kapitulyasiya aktını imzaladığı gün və sonrakı zəfər günlərində ölkəmizin şəhər və rayonlarının hamısı Azərbaycan bayrağı ilə yanaşı, Türkiyə bayraqları ilə də bəzənilmişdi. Bu, doğrudan da tarixi bir hadisə idi”.
Türkiyənin Ankara Universitetinin rektoru, professor Dr. Necdet Ünüvar rəhbərlik etdiyi qurumun beynəlxalq əlaqələri arasında ATU-nun xüsusi yerə malik olduğunu bildirib. O, təhsil sahəsində iki ölkə arasındakı əməkdaşlığın daha da gücləndirilməsinin tərəfdarı olduğunu qeyd edib. Professor Necdet Ünüvar imzalanan sazişin bu istiqamətdə atılacaq addımlara təkan olacağını əminliklə bildirib.
Sonda Azərbaycan Tibb Universiteti ilə Türkiyənin Ankara Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
Görüşdə ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Orxan İsayev, Universitetin Elmi katibi, Ortopedik Stomatologiya kafedrasının müdiri, professor Nazim Pənahov, ictimai səhiyyə fakültəsinin dekanı, professor Anar Ağayev, beynəlxalq əlaqələr şöbəsinin müdiri Müşfiq Orucov, Türkiyənin Ankara Universitetinin rektor köməkçisi professor Ercan Bayazıtlı, Diş fakültəsinin dekanı, professor Kaan Orhan, rektor danışmanı Ummet Artuç iştirak ediblər.