ATU-nun Əsaslı Kitabxanasında 8 Noyabr Zəfər Gününə həsr olunmuş tədbir keçirilib. Tədbir Xudayar təsnifinin sədaları altında başlayıb. Tədbiri kitabxananın direktoru Ziyafət Eminova açaraq “Dəmir yumruq”dan, müharibədə həkimlərimizin fədakarlığından, şanlı ordumuzun məğrurluğundan danışıb. Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra ATU-nun Mühafizə bölməsinin əməkdaşları, müharibə qazisi Aqşin Niyazi oğlu Həsənli və döyüşçü Mirsəməd Miryaqub oğlu Cəfərova söz verilib. Aqşin müharibə xatırələrindən, döyüşlərdə necə irəlilədiklərindən, necə yaralandığından, dövlətimizin, rektorumuz professor Gəray Gəraybəylinin ona göstərdiyi qayğıdan söz açıb. Mirsəməd də döyüş xatirələrini görüş iştirakçıları ilə bölüşüb.
Kitabxananın direktor müavini Gülbehişt Orucova müharibə dövründə bütün millətlərə örnək olan əsgərlərimizin vətən, torpaq sevgisinin, xalqın Ali Baş Komandana səmimi münasibətinin və məhz bu vəhdətin bizi qalibiyyətə apardığını vurğulayıb. Kitabxananın əməkdaşları Səidə Abbasova, Solmaz Əzizova, Əsgər Əsgərov da ürək sözlərini tədbir iştirakçıları ilə bölüşərək, xalqımıza qələbə sevinci yaşadan igid əsgərlərimizlə qürur duyduqlarını söyləyiblər. Elmi kitabişləmə və kataloqlaşdırma şöbəsinın müdiri Gülarə Qarayeva isə özünün qələbəyə həsr olunmuş şeirlərini oxuyub. Adifə Fətəliyeva da Zəfər Günümüzlə bağlı şeirlər səsləndirib. Tədbirin sonunda müharibə iştirakçılarına kitab hədiyyə olunub.