Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında Dünya Pnevmoniya ilə Mübarizə Gününə həsr olunmuş elmi-praktik konfrans keçirilib.
ATU-nun Tədris Terapevtik Klinikasının direktoru, professor Surxay Musayev çıxışının əvvəlində tədbir iştirakçılarını ikinci Vətən Müharibəsində qazandığımız Zəfərin ildönümü münasibətilə təbrik edib, torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərə Allahdan rəhmət diləyərək zəfərimizin əbədi olmasını arzulayıb.
Klinikanın direktoru, professor S. Musayev Dünya Pnevmoniya Gününün təsis olunması səbəbindən danışaraq qeyd edib ki, məqsəd bütün dünya ictimaiyyətinin diqqətini pnevmoniya xəstəliyinə yönəltməkdir. Bütün dünyada COVID-19 virusu yayıldıqdan sonra ağciyər xəstəlikləri, xüsusilə də pnevmoniya ilə bağlı məsələ daha da ciddiləşdiyindən, bu günün qeyd olunması çox əhəmiyyətlidir.
Daha sonra konfrans öz işinə müxtəlif aktual mövzuları əhatə edən mühazirələrlə davam edib. Professor Əlizamin Sadıqov “Hospitaldaxili və Ventilyator Assosiasiyalı Pnevmoniyalar: xəstə nəticələrini necə yaxşılaşdırmalı?” mövzusunda, Dr. Cavid Paşayev “Ağır sepsis və septik şok, yeniliklər nədir?” mövzusunda, Dr. Gülizar Əliyeva “Hospitalizə olunmuş Covid-19 xəstələrində ikincili bakterial pnevmoniyalar: Antibiotik tətbiqinin yeganə və düz ünvanı” mövzusunda, Dr. Emil Qasımov “Covid-19 infeksiyaları zamanı kəskin respirator distress sindromu, müalicəyə müasir yanaşmalar” mövzusunda çıxış ediblər.