ATU əməkdaşlarının hazırladığı dərsliklər Naxçıvan Dövlət Universitetində təqdim olundu

Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsində ATU əməkdaşlarının müəllifliyi ilə ərsəyə gələn iki dərsliyin “Prosthodontics”  və “Stomatoloji xəstəliklərin profilaktikasının əsasları” dərs vəsaitlərinin təqdimatı keçirilib.

Təqdimat mərasimində giriş sözü ilə çıxış edən Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev bu dərsliklərin tibbin stomatologiya ixtisası sahəsində olan boşluğu aradan qaldıracağını deyib. Rektor hər iki universitetin gənc həkim-stomatoloqları, rezident və tələbələrinin faydalana biləcəyi kitabların müasir tədrisin tələblərinə uyğun, nəfis şəkildə tərtibatına görə müəllifləri təbrik edib, onlara yeni elmi uğurlar arzulayıb.

Azərbaycan Tibb Universitetinin “Ortopedik stomatologiya” kafedrasının müdiri, tibb elmləri doktoru, professor, Əməkdar həkim, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Baş stomatoloqu Nazim Pənahov həmmüəllifi olduğu “Ortopedik stomatologiya: Dişlərin morfologiyası və oyma texnikası” dərsliyi haqqında məlumat verib. Bildirib ki, 21 fəsildən ibarət bu dərslik 7 kitab halında rus və ingilis dili olmaqla 2 dildə nəşr olunub. Kitab  fərqli tərzdə tərtib edilərək 728 rəsm və şəkillərlə müşayiət edilən informativlik üslubunda yazılıb. Professor kitabdakı fəsillər haqqında detalları slayd vasitəsilə təqdim edib. Kitabın müəllifləri arasında dosent Rauf Cəfərov və kafedranın assistenti Hənifə Musayevanın adları da qeyd olunub.

 

Tədbirə onlayn qoşulan Azərbaycan Tibb Universitetinin “Uşaq stomatologiyası” kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru “Stomatoloji xəstəliklərin profilaktikasının əsasları” dərs vəsaitinin həmmüəllifi Elnur İmanov stomatologiyanın geniş yayılan xəstəliklərindən danışaraq kitabda bu sahənin ən aktual məsələlərinin yer aldığını diqqətə çatdırıb. Qeyd edilib ki, 8 fəsildən ibarət olan dərs vəsaitində stomatoloji xəstəliklərin müasir müalicə və profilaktikası, hamilə qadınlar, uşaqlar və yeniyetmələrdə və yaşlılar arasında profilaktik tədbirlərin keçirilmə xüsusiyyətləri, stomatoloji müayinələrdə istifadə olunan üsullar, ağzın gigiyenası və bir çox mövzulara ətraflı izah verilib.

Naxçıvan Dövlət Universiteti “Stomatologiya” kafedrasının müəllimi Zaur Hüseynov və həmin kafedranın “Ortopedik stomatologiya” üzrə həkim-rezidenti Mehdi Qasımov da çıxış edərək kitab haqqında fikirlərini açıqlayıblar. Kitabların həmmüəllifi, Naxçıvan Dövlət Universitetinin “Stomatologiya” kafedrasının müdiri, tibb üzrə fəlsəfə doktoru Rauf Cəfərov dərsliklərin rus və ingilis dilində hazırlanmasının hər iki universitetdə təhsil alan əcnəbi tələbələr üçün müstəsna əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb.

Sonda müəlliflər oxuculara kitabları hədiyyə ediblər.

Qeyd edək ki, professor Nazim Pənahov həmçinin Naxçıvan Dövlət Universiteti Tibb fakültəsinin “Stomatologiya” ixtisasında təhsil alan tələbələrə “Stomatologiyanın müasir problemləri” mövzusunda ustad dərsi keçib.