ATU-nun klinikalarında əhaliyə yüksək keyfiyyətli tibbi xidmət göstərilir

 

Səadət Aşurova: Pasiyentlərin bizi seçməsinin əsas səbəbi həkimlərimizin yüksək ixtisaslı peşəkarlar olmasıdır

Sağlamlıqlarına biganə qalmayan insanlar müayinə və müalicə üçün harasa müraciət edəndə, ilk növbədə tibbi xidmətin keyfiyyətinə diqqət yetirirlər. Əhaliyə keyfiyyətli tibbi xidmət göstərən müəssisələr içərisində Azərbaycan Tibb Universitetinin klinikalarının məxsusi yeri var. Bu klinikalardan biri də Tədris Cərrahiyyə Klinikasıdır ki, fərqli şöbələrində yüksək ixtisaslı peşəkar həkimlərimiz çalışırlar. Xəstə qəbuluna görə klinikanın əsas yükü isə konsultativ poliklinika şöbəsinin üzərinə düşür.

Şöbənin müdiri, Ümumi cərrahiyyə kafedrasının assistenti Səadət Aşurova bildirir ki, şöbədə cərrahi xidmətlər üstünlük təşkil etsə də, əhaliyə yüksək keyfiyyətli kardioloji, uroloji, pediatrik, nevroloji, endokrinoloji və ginekoloji tibbi xidmətlər də göstərilir. Müraciət edənlər həm stasionar, həm də ambulator müalicə alırlar. Onun sözlərinə görə, şöbədə çalışanların böyük əksəriyyəti ATU-nun professorları, dosentləri və assistentləridir: “Həmçinin kənardan da həkimlər, xüsusilə də şöbəmizdə olmayan sahələr üzrə mütəxəssislər dəvət edirik. Ən müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyalarımızda bütün müayinələr icra olunur. Klinikamıza xəstə axınının başlıca səbəbi burada yüksək ixtisaslı peşəkar həkimlərin çalışmasıdır. Həm Azərbaycan Tibb Universitetini bitirən, həm də xaricdə tibbi təhsil alan həkimlərimizə böyük inam var. Bu inamın nəticəsidir ki, pasiyentlər əksər hallarda klinikamızı, o cümlədən bizim şöbəni seçirlər”.

Şöbədə olarkən onu da müşahidə etdik ki, ayrı-ayrı kabinetlərdə tibbi xidmət göstərən həkimlərin çoxu gənc kadrlardır. Onlar üçün hər cür şərait yaradılıb, etimad göstərilib. Eyni zamanda ambulator xidmətdən təkcə xəstələrin deyil, Tibb Universitetinin tələbələrinin, rezidentlərinin də yararlandığını, ayrı-ayrı kabinetlərdə müayinədən keçən xəstələrin ağxalatlılarla əhatə olunduğunu gördük. Həmin ağxalatlılar ATU-nun yuxarı kurs tələbələri, ixtisas seçimi etmiş rezidentlərdir. Müxtəlif kurslardan istehsalat praktikasına da gəlirlər. Gələcəyin həkimləri ambulator xidmət zamanı prosesi izləməklə kifayətlənmir, müəyyən prosedurların icrasında da fəallıq göstərirlər. Rezidentlər həm də ambulator sistemdə xəstə qəbul edə bilirlər.

Söhbətləşdiyimiz xəstələr və xəstə yaxınları da onlara göstərilən tibbi xidmətdən məmnundurlar. Onlar ATU-nun klinikasını seçmələrini burada bütün sahələr üzrə ixtisaslı həkimlərin çalışması barədə məlumatlı olmaları ilə əlaqələndirirlər: “Fikirləşdik ki, bura müraciət etsək daha yaxşı olar. Çünki əvvəllər də müraciət edib faydalı məsləhətlər almışıq. Həmişə də razı getmişik. Buradakı müalicə və müayinələr, həkim məsləhətləri bizi qane edir”.

Son dövrlərdə pandemiya səbəbindən stasionar xəstələrin sayının bir qədər azaldığını söyləyən şöbə müdiri qeyd edir ki, bəzi xəstələr birbaşa stasionar şöbəyə yerləşdirilir. Əgər əməliyyat icra olunacaqsa, sonrakı müalicə nəzarətə götürülür.

S.Aşurovanın sözlərinə görə, Poliklinika şöbəsinə ən çox kardioloji problemlərlə bağlı müraciətlər olur: “Bundan əlavə, cərrahi, uroloji, laborator müayinələr yüksək səviyyədə aparılır. Xüsusilə də üz-çənə cərrahiyyəsi, lor, travmatoloji, neyrocərrahi, nevroloji və endokrinoloji kabinetlərə müraciət edənlər çoxdur. Ginekoloji kabinetlərdə də xəstələrimiz az deyil. Xəstələr Poliklinika şöbəsində çeşidlənərək ya ambulator, ya da stasionar şəraitdə müalicəyə cəlb olunurlar. Göz və uşaq cərrahiyyəsi şöbələrinin ambulatoriyaları daha aktiv işləyirlər”.

Şöbə müdiri bildirir ki, xəstələrin əksəriyyəti bir həftəlik müalicə kursundan sonra təkrar müayinələrə gəlir. Həmçinin stasionar şöbədə əməliyyat olunan xəstələr bir müddət ambulator müşahidədə saxlanılır: “Bu da o deməkdir ki, şöbəmizin fəaliyyəti təkcə müayinə və müalicə ilə məhdudlaşmır. Hansısa xəstəliyin yaxın və uzaq nəticələrinin öyrənilməsində Tibb Universitetinin elmi işlə məşğul olan həkimlərinə, rezidentlərinə kömək edə bilirik”.