Oktyabrın 29-dan etibarən Tibb Universitetinin I-IV kurslarında təhsil alan tələbələrin biliyinin qiymətləndirilməsi üçün aralıq imtahanlara start verilib.
ATU-nun İmtahan Mərkəzinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Ülkər Cəfərova aralıq qiymətləndirmənin (“midtearm”) cədvələ uyğun aparıldığını qeyd edərək, qiymətləndirmənin şərtləri ilə bağlı ətraflı məlumat verib: “Tələbələrin imtahana qədər toplayacağı 50 balın 20-si aralıq imtahanının payına düşür. Əgər tələbə qiymətləndirmədə iştirak etməzsə, onun üçün kəsir hesab olunmur. Sadəcə, 50 baldan 20-ni avtomatik itirmiş olur və 30 balı qalır. Ona görə də balları yüksək olsun deyə, hər bir tələbə aralıq qiymətləndirmədə iştirak edir”.
Ü.Cəfərova tədris olunan hər fənn üzrə qiymətləndirmənin aparıldığını, 30 dəqiqəyə 20 sual düşdüyünü bildirir: “Suallardan 15-i qapalı, 5-i isə açıq suallardır. Əsas meyar tələbələrin keçdikləri fənləri keyfiyyətli şəkildə mənimsəməsidir. Bu vaxtadək tələbələrin 60 faizə yaxını imtahanda iştirak edib. Bəzi fənlərdən nəticələr elə də yüksək olmayıb. Məsələn, Anatomiya fənnindən tələbələr 5-7 bal toplaya bilib. Ən yüksək nəticə göstərən 11 bal toplayıb. Deyərdim ki, bu üsulun tətbiqi şişirtmə qiymətlərin qarşısının alınmasında effektiv bir vasitədir”.
Ü.Cəfərova üzləşdikləri problemlərdən də söhbət açıb. Onun sözlərinə görə, pandemiyaya görə bəzi qruplar bağlandığından, imtahanda tələbələrin hamısı iştirak edə bilmir. Bu səbəbdən, dekabrın ortasınadək bitməsi nəzərdə tutulan qiymətləndirmənin müddəti uzadıla bilər.