Dekabrın 1- də Yeni Azərbaycan Partiyasının Nəsimi rayon üzrə Azərbaycan Tibb Universiteti ərazi ilk partiya təşkilatının hesabat konfransı keçirilib. Yeni Azərbaycan Partiyasının (YAP) Nəsimi rayon təşkilatının sədri Azər Süleymanovun da iştirak etdiyi tədbirin əvvəlində torpaqlarımızın azadlığı uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransın gündəliyi təsdiqləndikdən sonra YAP-ın Nəsimi rayon üzrə Azərbaycan Tibb Universiteti ərazi ilk partiya təşkilatının sədri, professor Sabir Əliyev hesabat məruzəsi ilə çıxış edib. Hesabat dövrünün ölkəmizin həyatında önəmli nailiyyətlər və əlamətdar tarixi hadisələrlə zəngin olduğunu bildirən S.Əliyev şanlı zəfərlə nəticələnmiş Vətən müharibəsinin tariximizə əbədi həkk olunduğunu vurğulayıb.
S.Əliyev qeyd edib ki, YAP-ın ATU üzrə ərazi təşkilatı və onun hər bir üzvü prezident İlham Əliyevin uğurlu siyasətinin nəticələrini universitet ictimaiyyəti arasında fəal surətdə təbliğ edərək, partiyanın həyata keçirdiyi layihələrdə öz üzərinə düşən vəzifə və öhdəlikləri yüksək səviyyədə yerinə yetirməyə çalışıb. YAP-ın keçdiyi ağır, lakin şərəfli yoldan bəhs edən məruzəçi xatırladıb ki, bu partiya 1990-cı illərin əvvəllərində ölkəmizin çox çətin sınaq qarşısında qaldığı və hətta müstəqilliyini itirmək təhlükəsi ilə üzləşdiyi bir zamanda ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılıb. O zaman belə bir şəraitdə xalqın gələcəyini düşünən bir qrup ziyalı düşdüyü mövcud ağır durumdan xilas olmağın yolunu ulu öndər Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıtmasında gördü. O vaxtlar ulu öndər Heydər Əliyevə müraciət edən həmin 91 nəfər ziyalının 7-nin ATU-nun əməkdaşı olduğunu deyən S. Əliyev onlardan bəzilərinin hələ də elmi-pedaqoji fəaliyyətlərini davam etdirdiyini vurğulayıb. Artıq ölkəmizin inkişafının yeni mərhələsinin başlandığını vurğulayan S.Əliyev onu da qeyd edib ki, hazırda ATU-dan 1600 nəfər YAP üzvüdür və onlardan 600-ü tələbələrdir.
Yeni Azərbaycan Partiyasının Nəsimi rayon Ağsaqqallar Şurasının sədri, professor Vaqif Şadlinski çıxışının əvvəlində Müzəffər Ali, Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi nəticəsində 30 ilə yaxın erməni işğalı altında olan torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün bərpasını tarixi qələbə kimi qiymətləndirib.
Hakim partiyanın yaradılmasının ölkəmizdə mühüm hadisə olduğunu söyləyən V. Şadlinski qeyd edib ki, 1992-ci ilin noyabrında Yeni Azərbaycan Partiyası təsis edildikdən sonra xalqımız ümummilli lider Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyası ətrafında sıx birləşərək respublikamızın inkişafına nail oldu.
Daha sonra ATU-nun professorları Rafiq Məmmədhəsənov, Məhbubə Vəliyeva və rezident Rauf Vəliyev çıxış edərək hesabat dövründə təşkilatın fəaliyyətini qiymətləndiriblər.
Tibb Universiteti üzrə ərazi təşkilatını mütəşəkkil, fəal yerli özəklərindən biri olduğunu söyləyən YAP-ın Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov təşkilatın hesabat dövrü ərzindəki fəaliyyətini müsbət qiymətləndirib və yeni seçilən tərkibə gələcək işlərində uğurlar arzulayıb.
Sonda Yeni Azərbaycan Partiyasının Nəsimi rayon üzrə Azərbaycan Tibb Universiteti ərazi ilk partiya təşkilatının fəaliyyəti qənaətbəxş hesab edilib. Səs çoxluğu ilə professor Sabir Əliyev yenidən təşkilatın sədri, Sərdar Əliyev isə sədrin müavini seçiliblər.