Əməkdaşımız sərbəst güləş üzrə yarışda ikinci yeri tutub

 

Tofiq Bəhramov adına Respublika stadionunun idman zalında sərbəst və yunan-Roma güləşi üzrə Bakı şəhər çempionatı keçirilib. Sərbəst güləş üzrə yarışda 10 çəki dərəcəsində 75 idmançı mübarizə aparıb.

Paytaxt çempionatında “Zenit” İdman Cəmiyyətinin yetirmələri uğurla çıxış ediblər. Cəmiyyətin sərbəst güləşçiləri İzzət Cəfərov (57 kq), Zəfər Əliyev (97) birinci yeri tutublar. Ramin Heybətov (65 kq) və Mahir Əliyev (125 kq) ikinci, Sənan Hümbətovla (57) Anar Babayev (92 kq) isə üçüncü olublar. İdmançılar yarışa məşqçi-müəllimlər Fəxrəddin Nuriyev, Amil Abdullayev və Akif Qurbanovun rəhbərliyi altında hazırlaşıblar. Qeyd edək ki, Bakı şəhər çempionatında “Zenit” İdman Cəmiyyəti ümumkomanda hesabında birinci yerə layiq görülüb.

Çempionatda 125 kq çəki dərəcəsində ikinci yeri tutaraq Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin diplomu ilə təltif olunan Mahir Əliyev həm də ATU-nun Tədris Cərrahiyyə Klinikasının əməkdaşıdır. O, “Təbib” idman klubunun təşkilatçılığı ilə keçirilən idman tədbirlərində də həmişə xüsusi fəallığı ilə seçilib.