Uşaqların yükünü valideynlər bərabər çəkməlidir
Avropa İttifaqının maliyyələşdirdiyi, BMT-nin Əhali Fondu və Qadınlar üzrə Agentliyinin birgə həyata keçirdiyi “Avropa İttifaqı Gender Bərabərliyi naminə: Gender stereotipləri və gender əsaslı zorakılığa qarşı” proqramı çərçivəsində “Hamiləlik və doğuş zamanı kişilərlə işin təşkili” layihəsinin icrasına başlanılıb.
Layihə “Ümidli gələcək” Sosial Təşəbbüslər İctimai Birliyi (STİB) tərəfindən Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM), Azərbaycan Tibb Universiteti (ATU) və Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu (ADHTİ) ilə sıx əməkdaşlıq şəraitində həyata keçirilir. Layihənin əsas məqsədi – ana və uşaq sağlamlığı ilə məşğul olan ailə həkimləri, mama-ginekoloqlar, mamalar, neonatoloq və pediatrlar tərəfindən hamiləlik, doğuş və uşağa qayğı prosesində analarla yanaşı, ataların də iştirakının təşviq edilməsi və onların geniş sanitar-maarifləndirmə işinə cəlb edilməsidir. Layihə ilə bağlı fəaliyyətlərin icrasının əlaqələndirilməsi məqsədilə İSİM, ATU, ADHTİ və “Ümidli gələcək” STİB-in nümayəndələrindən və müstəqil ekspertlərdən ibarət işçi qrupu yaradılıb.
Layihə çərçivəsində 25 səhiyyə və tibb işçisi üçün ailə planlaşdırılması, antenatal qayğı, perinatal və zahılıq dövrlərində qayğı, yenidoğulmuşlara qayğı mövzularında təlim kursunun keçirilməsi, iştirakçıların müvafiq materiallarla təmin olunması nəzərdə tutulub.
Digər dünya ölkələri ilə yanaşı, Azərbaycanda da son illər ailənin sağlamlığı məsələlərində ataların və ailənin digər kişi üzvlərinin daha fəal iştirakı getdikcə artmaqdadır. Kişilərin göstərdiyi mənəvi və fiziki dəstəyin, habelə atalarla körpələri arasında hətta doğuşdan əvvəl erkən bağlılığın əhəmiyyəti artıq danılmaz sübutlara arxalanır. Ümumdünya Səhiyyə Təşkilatı hamiləlik, doğuş və zahılıq dövründə, eləcə də yenidoğulmuşlara qayğı zamanı kişilərin fəal cəlb olunmasını tövsiyə edir. Tarixən ana və uşaqların sağlamlığı ilə tibb işçiləri, ailənin qadın üzvləri məşğul olub. İqtisadi və sosial dəyişikliklər, müasir həyat tərzi, qadın və kişilər arasında iqtisadi və sosial bərabərliyin inkişafı hamiləliyin planlaşdırılması, gedişatı və uşaqların böyüdülməsi ilə bağlı yükün ana və ata arasında paylaşılmasını vacib edib.
Artıq bu baxımdan antenatal və uşaq baxımı xidmətlərinə kişilərin cəlb edilməsi mövzusunda tibb işçiləri üçün təlimlərə start verilib. Üç gün davam edən təlimlərdə “Doğum öncəsi qulluqda atanın iştirakının sürətli qiymətləndirilməsi”, “Uşağın gələcək sağlamlığında atanın rolu”, “Kişilərin cəlb olunması üzrə nümunəvi siyasət. ÜST-ün bu sahədə siyasət və təcrübələrlə bağlı tövsiyələri”, “Kişilərin doğum öncəsi qulluqda iştiraki ilə bağlı nəzərə alınmalı risklərin siyahısı”, “Kişilərin hamiləlik dövründə iştirakı və qadınlara psixoloji dəstək” və digər mövzularda təqdimatlar olub. Proqramda ekspert kimi iştirak edən ATU-nun I Mamalıq ginekologiya kafedrasının assistenti Sevinc İsmayılovanın “Doğuşaqədərki dövrdə müayinə üçün gəlişlər. Əsas laborator və radioloji/USQ müayinələr” mövzusunda təqdimatı da təlim iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, proqramın əsas hədəfi ailədə və cəmiyyətdə kişi və qadın rollarına dair stereotipləri qırmaq, gender əsaslı zorakılığın aradan qaldırılması üçün bərabər hüquq və imkanları gücləndirməkdir. Proqram regional səviyyədə altı ölkədə – Azərbaycan, Gürcüstan, Ermənistan, Moldova, Belarus və Ukraynada icra olunur.