Azərbaycan Tibb Universiteti ilə Qazaxıstanın Nur-Sultan şəhərində yerləşən Astana Tibb Universiteti arasında imzalanmış əməkdaşlıq müqaviləsinə əsasən, rezidentlər Tinalinov Adil Muratoviç və Serik Dana Armanqızı 29.11-11.12.2021-ci il tarixlərində ATU-nun Tədris Cərrahiyyə Klinikasında klinik təcrübə keçiblər. A.Tinalinov travmatologiya və ortopediya, D.Serik isə fizioterapiya və reabilitasiya ixtisası üzrə öz bilik və bacarıqlarını artırıblar.
ATU Beynəlxalq əlaqələr şöbəsinin müdiri, dosent Müşfiq Orucov qonaq rezidentləri qəbul edib. M.Orucov universitetlərimiz arasında əməkdaşlığın yeni başlanmasına baxmayaraq, artıq əməli tədbirlərin həyata keçirildiyini qeyd edib. Qazaxıstanlı rezidentlər onlar üçün yaradılan yüksək dərs şəraiti və qonaqpərvəlik üçün ATU rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər. Görüşün sonunda rezidentlərə təcrübə keçmələri haqqında müvafiq sertifikatlar təqdim olunub.