Azıx mağarasına həsr edilmiş kollektiv monoqrafiya təqdim olunub

 

AMEA-nın Ədəbiyyat İnstitutunun elektron zalında Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Daş dövrü arxeologiyası şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Əsədulla Cəfərovun rəhbərliyi altında rus dilində hazırlanmış “Azıx mağarası - Azərbaycan ərazisində ən qədim ibtidai insan düşərgəsi” adlı kollektiv monoqrafiyanın təqdimat mərasimi keçirilib.

Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, İctimai Elmlər Bölməsinin Elmi Şurasının sədri akademik İsa Həbibbəyli Azıx mağarasının tədqiqinə həsr edilmiş monoqrafiyanı yüksək qiymətləndirib. Akademik bildirib ki, bu kollektiv monoqrafiya Prezident İlham Əliyevin qarşıya qoyduğu istiqamətdə atılmış ilk əhəmiyyətli addımlardan biridir. O, həmçinin qeyd edib ki, gələn il Azıx mağarasına ilk arxeoloji ekspedisiya təşkil ediləcək.

Kollektiv monoqrafiyada müəlliflər M.M.Hüseynov, S.D.Əliyev, A.A.Veliçko, D.V.Hacıyev, A.Q.Cəfərov, A.V.Məmmədov, M.B.Süleymanov və N.Ş.Şirinovun Azıx mağarasında tapılmış arxeoloji, paleontoloji, paleoantropoloji, paleogeomorfoloji, paleozooloji və digər artefaktları istifadə olunaraq tədqiq edilib.

Monoqrafiyanın redaktoru Azərbaycan Tibb Universitetinin Tibbi biologiya və genetika kafedrasının dosenti Leyla Süleymanovadır.

Sonda professor Əsədulla Cəfərov çıxış edərək tədbir iştirakçılarına, kitabın redaktoru və rəyçilərinə öz təşəkkürünü bildirib.