Azərbaycan Könüllü Həkimlər Assosiasiyasının (AKHA) tələbə təşkilatı yaradılıb. Bu münasibətlə Azərbaycan Tibb Universitetində (ATU) tədbir keçirilib. Stomatologiya fakültəsinin dekanı, dosent Səid Əhmədov çıxış edərək tədbirin məramı barədə məlumat verib. O, Assosiasiyanın tələbə təşkilatının yaradılması münasibəti ilə tələbələri təbrik edib və onlara uğurlar arzulayıb.
AKHA-nın Regionlar üzrə koordinatoru Hüseyn Hüseyzadə çıxışında Vətən müharibəsi dövründə hərbçilərlə yanaşı, həkimlərin də cəbhənin bütün istiqamətlərində fədakarlıq göstərdiklərini qeyd edib. Həkimlərin arasında könüllü xidmət göstərənlərin kifayət qədər olduğunu bildirib: “Könüllülər çoxsaylı yaralılara tibbi xidmət göstərərək onları həyata qaytarıb. AKHA-nın sədri Oqtay nüəllimin rəhbərliyi ilə biz işğaldan azad edilmiş ərazilərdə tibb xidməti göstərdik. Vətən müharibəsi dövründə həkimlərimiz arasında da şəhidlərimiz oldu”.
Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra AKHA-nın sədri Oqtay Mehdiyevə söz verilib. Sədr işğaldan azad olunmuş ərazilərdə həkimlərin hərbçilərə göstərdiyi tibbi yardımlardan, nüharibədən sonra ərazilərdə tibbi xidmətin təşkilindən geniş söhbət açıb: “Vətən torpağının azadlığı uğrunda canlarından keçən igid oğullarımızın əbədi xatirəsi xalqımızın qəlbində daima yaşayacaq, onlar hər zaman hörmətlə, ehtiramla xatırlanacaqlar. Bizim Assosiasiyanın xidməti 3 mərhələdən ibarət olub. 1-ci mərhələ Vətən müharibəsi zamanı başlayıb. 2-ci mərhələ müharibə bitəndən sonra olub. İşğaldan azad olunmuş ərazilərdə tibb xidmətini təşkil etmişik. 3-cü mərhələmiz isə regionlarda şəhid və qazi ailələrinə təmənnasız tibb xidmət göstərməyimizdir. Hansı ki, bu gün də davam edir və bu iş gələcəkdə də davam edəcək.
Müharibənin ilk günlərindən həkimlərimiz könüllü olaraq ön cəbhədə olub, Naftalan Hospitalı, Füzuli Diaqnostika Mərkəzi, Füzuli Mərkəzi Xəstəxanası, Ağcabədi Xəstəxanasında və həmçinin Gəncədə yerləşən hospitallarda yaralılara tibbi yardım göstəriblər. Onlar arasında Tibb Universitetinin kifayət qədər yuxarı kurs tələbələri də olub. Könüllür mərhələli şəkildə tibbi yardımın təşkilində fəal iştirak edib: ilk yardım, tibbi yardım, xüsusi ixtisaslaşmış həkim yardımlarında fədakarlıqlarını əsirgəməyiblər”.
O.Mehdiyev stomatoloqların müharibə zamanı fəaliyyəti və işğaldan azad olunmuş ərazilərdə təşkil etdikləri stomatoloji xidmətdən söhbət açıb. Müharibə dövründə tələbələrin özünəməxsus rolundan söhbət açan sədr, Assosiasiyanın tələbə təşkilatının yaranmasının əhəmiyyətinə toxunub. Təcrübəli həkimlərlə əlaqədə olan tələbələrin onlardan çox şey əxz edəcəklərinə əminliyini bildirib. O, müharibə dövründə yaralılara könüllülərin necə xidmət göstərməsi ilə bağlı videogörüntülər də nümayiş etdirib. Burada yaralılarda vətənpərvərlik hissinin və əhval-ruhiyyənin yüksək olduğunu göstərən kadrlar da öz əksini tapıb. Kadrlarda xanəndə Məbud Əhmədovun Vətən sevgisi isə xüsusi diqqət çəkib. O.Mehdiyev həmin kadrların müharibə zamanı nümayişinin erməni ordusunda əhval-ruhiyənin daha da aşağı düşməsinə səbəb olduğunu vurğulayıb.
Kadrlar nümayiş etdiriləndən sonra gözlənilmədən zaldan M.Əhmədovun ifası eşidilib. Onun canlı şəkildə ifa etdiyi “Qarabağ” mahnısı iştirakçıların alqışları ilə qarşılanıb.
Assosiasiyanın tələbə təşkilatının yaradıldığı elan edildikdən sonra təşkilatın sədri Anar Dünyamalıyev şıxış edib. O, Vətənimizin müdafiəsinə qalxanların qulluğunda durmaqdan, onlara tibbi xidmət göstərməkdən qürur duyduğunu bildirib. Müharibə zamanı ixtisaslı həkimlərin təcrübəsindən yararlana bildiklərini, cəbhədə xeyli dostlar qazandıqlarını vurğulayıb. A.Dünyamalıyev qarşıda hələ xeyli işlər görüləcəyinə diqqət çəkərək tələbələri təşkilata üzv olmağa səsləyib.
Sonra Ağız və üz-çənə kafedrasının professoru Yunis Usubov, Azərbaycan İmplantoloq İctimai Birliyinin sədri Cabbar Həsənov, AKHA-nın Beynəlxalq əlaqələr üzrə koordinatoru Sabrin Əzim, həkim İlahə Qasımzadə çıxış ediblər. Çıxışçlar istər müharibə dövründə, istərsə də müharibədən sonra həkimlərin və ATU-nun tələbələrinin fədakarlığından söhbət açıb, AKHA-nın tələbə təşkilatının yaranmasını təqdir ediblər.