Vebinarda Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin (AOC) idarə heyətinin üzvləri və oftalmologiya sahəsində yüksək nailiyyətləri olan peşəkar mütəxəssislər, alimlər iştirak ediblər. Onlayn toplantının işinə həmçinin
Akademik Zərifə Əliyeva adına MOM-dan, Azərbaycan Tibb Universitetinin Göz Xəstəlikləri Kafedrasından, digər özəl və dövlət təşkilatlarından, regionlardan , eləcə də iştirakçılar qatılıb. Vebinarda Türkiyədən professorlar və gənc oftalmoloqlar, tanınmış alimlər, o cümlədən Türk Oftalmoloji Dərnəyinin Onursal Başkanı, Dr. Sunay Duman, prof. Süleyman Kaynak və digər mütəxəssislər də fikirlərini bölüşüblər.
T.e.d. Hicran Namazovanın moderatorluğu ilə keçirilən vebinarda 5 məruzə dinlənilib.
Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədr müavini, t.ü.f.d. Yazgül Abdıyeva çıxışında 44 günlük Vətən müharibəsi zamanı düşmənlə mübarizə aparan cəsur hərbçilər, həmin dövrdə terror hücumları nəticəsində xəsarət alan dinc sakinlərdən bəhs edib. Müharibə zamanı fədakarlıq nümayiş etdirən həkimlərin xidmətlərini də xatırladıb.
Daha sonra Türkiyədən prof. Dr. Züleyha Yalnız Akkaya “Açıq Glob yaralanmaları”, Prof. Dr. Uğur Acar “Arka segment travmalarına yaklaşım”, akad. Zərifə Əliyeva adına MOM-dan t.ü.f.d. Günay İbrahimzadə “Hərbi əməliyyatlar zamanı görmə aparatının yaralanmaları”, t.ü.f.d. Qurban İsmayılov “44 günlük müharibə və Tədris Cərrahiyyə Klinikası”, dr. Səlahəddin Təhməzov “Vətən müharibəsi zamanı baş vermiş ən ağır göz travmaları” mövzularında məruzələr səsləndiriblər. Vebinarın sonunda təkliflər dinlənilib, iştirakçıların sualları cavablandırılıb.