Fakültələrarası yarışlar sona çatıb

 

Qaliblər müxtəlif idman növləri üzrə ATU-nu təmsil edəcəklər

 

Xəbər verdiyimiz kimi, Azərbaycan Tibb Universitetinin 90 illik yubileyinə həsr olunmuş fakültələrarası idman yarışları təşkil edilib. Yarışların ikinci hissəsi dekabrın 18-də keçirilib.

Proqrama əsasən, fakültələrarası yarışda idmanın stolüstü tennis, futzal və şahmat (oğlanlararası) növləri üzrə keçirilən yarışlar başa çatdıqdan sonra qalib tələbələrin və komandaların mükafatlandırma mərasimi baş tutub. Dekanların da iştirak etdiyi mükafatlandırma zamanı şahmat (oğlanlararası) üzrə yarışda II Müalicə profilaktika fakültəsinin tələbəsi Zaur Babayevin I, Hərbi tibb fakültəsinin tələbəsi Vüsal Həsənzadənin II, II Müalicə profilaktika fakültəsinin tələbəsi Eldəniz Sadiqov və Hərbi tibb fakültəsinin tələbəsi Nihad Qəhrəmanlının isə III yerləri qazandıqları elan olunub.

Bundan sonra fakültələr üzrə də qaliblər müəyyənləşdirilib. Belə ki, stolüstü tennis üzrə yarışda Stomatologiya fakültəsi I, Hərbi tibb fakültəsi II, I Müalicə profilaktika və II Müalicə profilaktika fakültələrinin tələbələri isə III yeri tutublar. Bundan başqa, futzal yarışlarının nəticələrinə əsasən, II Müalicə profilaktika fakültəsi I, Stomatologiya fakültəsi II, Hərbi tibb fakültəsi və I Müalicə profilaktika fakültələrinin komandaları III yerə layiq görülüblər.

Ümumi xal hesabına gəldikdə isə, II Müalicə profilaktika fakültəsi I, Stomatologiya fakültəsi II, Hərbi tibb fakültəsi isə III yeri qazanıb. Hər 3 fakültənin komandaları kubok və diplomlarla təltif olunublar. I Müalicə profilaktika fakültəsinin komandasına isə həm kubok və diplom, həm də voleybol üzrə “Yüksək idmançı ruhu” adlı xüsusi nominasiyanın plaketi verilib.

Qalibləri təbrik edən “Təbib” idman klubunun sədri, Əməkdar məşqçi Qələndər Aslanov çıxışında bildirib ki, yarışlarda fərqlənən tələbələr seçilərək bundan sonra vahid komanda şəklində universitetimizi təmsil edəcəklər. Onlar idmanın müxtəlif növləri üzrə istər universitetlərarası, istərsə də respublika əhəmiyyətli yarışlara qatılacaqlar.

Klub rəhbəri yarışların keçirilməsinə təşkilati dəstək verən bir qrup şəxsə də xüsusi təşəkkürünü bildirib.