Müxtəlif ölkələrdən olan alimlərin çıxışlarını tələbələr auditoriyalarda onlayn dinləyiblər
Dekabrın 20-də Azərbaycan Tibb Universiteti, Türkiyə Yeditepe Universiteti və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə beynəlxalq onlayn konfrans keçirilib. Türkiyə, Amerika, İtaliya, Rusiya və Özbəkistanın tanınmış tibb mütəxəssislərinin iştirak etdiyi konfrans öz işinə Dövlət Himnimizin səsləndirilməsilə başlayıb.
Konfransın moderatorları Azərbaycan Tibb Universitetinin (ATU) Tələbə Elmi Cəmiyyətinin sədri, Azərbaycan Endoskopik Laparoskopik Cərrahlar Cəmiyyətinin sədri, professor Müşfiq Həsənov, Türkiyə Yeditepe Universitetinin (TYU) Mama və ginekologiya kafedrasının müdiri, professor Erkut Attar, Naxçıvan Dövlət Universitetinin (NDU) Tibb fakültəsinin dekanı, dosent Elsevər Əsədov olublar. Konfransı giriş sözü ilə NDU-nun dosenti Elsevər Əsədov açıb. O, konfransın mahiyyəti barədə qısa məlumatla çıxış etdikdən sonra sözü NDU-nun rektoru, dosent Elbrus İsayevə verib. Rektor bildirib ki, beynəlxalq konfrans müasir tibbin ən aktual problemlərindən biri olan “Endometrioz – cərrahi müalicəsi və multidissiplinar problemlər” mövzusuna həsr olunub: “ATU-nun rektoru, professor Gəray Gəraybəyliyə, universitetin əməkdaşlarına, professor-müəllim heyətinə təşəkkürümü bildirirəm ki, bu gün tibb elmi üçün aktual olan belə bir mövzuda beynəlxalq konfransın keçirilməsinə yaxından dəstək olublar. Konfransda NDU Tibb fakültəsinin və ATU-nun müəllim-tələbə heyəti ilə yanaşı, dünyanın bir sıra qabaqcıl dərnək sədrləri, bu sahədə uzun illər tədqiqatlar aparan tanınmış mütəxəssislər, həkimlər iştirak edirlər. Biz alimlərin aktual elmi problemlərə həsr olunmuş məruzələrini dinləyəcəyik. Hesab edirəm ki, bu konfrans NDU-nun Tibb fakültəsində, eləcə də ATU-da təhsil alan tələbə və rezidentlər üçün çox əhəmiyyətli olacaq”.
Sonra ATU-nun Elmi işlər üzrə prorektoru, dosent Rauf Bəylərov çıxış edib. Dosent iştirakçıları salamlayandan sonra bu tipli konfransların keçirilməsinin ölkəmizdə bir ənənəyə çevrildiyini qeyd edib: “Hər il Tibb Universiteti beynəlxalq konfrans və konqreslər keçirir. Bugünkü konfransa da silsilə tədbirlərin davamı kimi baxmaq olar. Burada iştirak edən tanınmış alimlər tibbin ciddi problemi olan endometrioz xəstəliyi, onun müasir diaqnostikası və cərrahi müalicə prinsipləri haqqında məruzələr edəcəklər. Bu, onu göstərir ki, dünyanın tibb mütəxəssisləri təbabətin qarşısında problem kimi duran bir çox xəstəliklərin həlli yolunda birgə fəaliyyət göstərirlər. Sevindirici haldır ki, Türkiyənin müxtəlif universitetləri ilə elmi-praktik səviyyədə sıx əməkdaşlığımız yaranıb. NDU ilə bu cür elmi konfransların təşkili tibbi kadrların yetişdirilməsində müstəsna rola malikdir. Düşünürəm ki, biz gələcəkdə də bir çox ölkələrin tibb universitetləri ilə bu cür müştərək konfranslar və konqreslər keçirəcəyik. Universitetimizin rektoru, professor Gəray Gəraybəylinin adından konfrans iştirakçılarına uğurlar arzulayıram”.
Sonra konfransın mahiyyətinə uyğun olaraq məruzələr dinlənilib. Türk Ostomi Cərrahi Dərnəyinin sədri, professor Ömər Alabaz, Türkiyə Endoskopik Laparoskopik Cərrahi Dərnəyinin sədri, professor Rasim Gəncosmanoğlu, professor A.V.Vişnevski adına Cərrahiyyə İnstitutunun cərrahiyyə şöbəsinin müdiri, professor Yuri Strakov, Daşkənd Pediatriya Tibb İnstitutunun Mamalıq və ginekologiya kafedrasının müdiri, professor Caxongir Qurbanov, həmin kafedranın dosenti Bahodir Qurbanov, ABŞ-ın Mərkəzi Florida Universitetinin mamalıq və ginekologiya sahəsi üzrə professoru Georgine Lamvu, Yeditepe Universitetinin Mama və ginekologiya kafedrasının professoru Rukset Attar, Genova Universitetinin Mamalıq və ginekologiya kafedrasının professoru Simone Ferrero, Bakı Sağlamlıq Mərkəzinin mamalıq və ginekologiya departamentinin müdiri, professor İslam Mahalov, NDU-nun müəllimi, tibb üzrə fəlsəfə doktoru İlhamə Mustafayevanın məzmunlu çıxışları maraqla qarşılanıb. Konfransı ATU-nun və NDU-nun rezident və tələbələri auditoriyalardan izləyiblər. Beynəlxalq səviyyəli tədbir işgüzar şəraitdə öz işini başa çatdırıb.